BAKI, 19 dekabr. TELEQRAF

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin barəsində olan qiyabi ibtidai istintaq başa çatıb.

Teleqraf xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Araşdırılması üçün hakim Hafiz Kamranovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 29 dekabra təyin edilib.

İttihamın mahiyyətinə gəlincə, 191900199 saylı cinayət işi üzrə İlqar Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 2020-ci ilin dekabrın 25-də qərar qəbul edilib.

Həmin qərara əsasən, "Akkord"un keçmiş sahibi şəxsiyyəti istintaqa məlum olan tanışının etibarından sui-istifadə edərək onuy aldadıb.

İlqar Hacıyev Rusiyanın moskva vilayətinin Mıtişinski rayonunun Prokovka kəndində və Adinskov rayonunun Novişarvin kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edib, həmin layihələrin icrası ilə bağlı 10 milyon ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18 milyon ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə tanışını aldadıb.

2016-cı ilin fevral ayından həmin ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava limanının qarşısında həmin dövrün rəsmi məzənnəsinə əsasən 17 milyon manat təşkil edən 10 milyon ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlaklarını ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Hacıyev İlqar Allaz oğlu istintaqdan qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25 dekabr 2020-ci il tarixli qərarla barəsində rəsmi axtarış elan edilib, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.