BAKI, 16 dekabr. TELEQRAF
Sabirabad rayonunda silah şəkillərini sosial şəbəkədə paylaşan 30 yaşlı kişi həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1995-ci il təvəllüdlü Ramal Vəliyev (ad-soyad şərti verilib – red.) sosial şəbəkə hesabında ov silahı ilə şəkillərinin çəkərək paylaşıb.
Vəliyev ov silahının kimə məxsus olmasını müəyyən etmək üçün izahatının alınmasına görə Sabirabad Rayon Polis Şöbəsinə dəvət olunub. O, bu hala etiraz edərək uca səslə ünvansız nalayiq ifadələr işlədib.
Bu zaman polis əməkdaşları onu sakitləşdirib, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin tələbinə tabe olmama) maddələri ilə ittiham elan edilib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilinib və 4 gün müddətinə həbs edilib.
Onun əməllərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən edilib. Həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunub.