TOVUZ, 16 DEKABR. TELEQRAF

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.

N.Ə Teleqraf-ın Qərb bürosuna açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib: "Sadəcə "Hə" mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. "Hə" almağa gəlmişdilər, o da baş tutmadı".

N.Ə oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib: "Qeyd elədiyim kimi, "hə" almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı".

N.Ə həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:

"Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur".

***

11:14

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi ilə bağlı bəzi detallar məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxıb. Qızın anası Elnarə Ələsgərovanın sözlərinə görə, onun məktəbdən çıxmasına səbəb maddi sıxıntı üzündən təhsil ala bilməməsidir.

Ananın sözlərinə görə, həmin gün toy mərasimi yox, "Hə" mərasimi keçirilib: "Kafelərdən birində kiçik bir şənlik məclisi qurulub. Övladımı oxuda bilməmişəm, buna imkanımız olmadı".

Məlumat üçün qeyd edək ki, bu, E.Ələsgərovanın ikinci evliliyidir.

Məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilən şəxs 1992-ci il təvəllüdlü bəyin - Firdovsi Abbasovun atası Fizuli Abbasovdur.

***

09:14

Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.