BAKI, 8 iyul. TELEQRAF
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirib.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı, Azərbaycan-İordaniya dostluq və tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq istiqamətləri üzrə hazırkı vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Nazirlər dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimadın ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıblar.
Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da zənginləşdirilməsi, regional və qlobal proseslər üzrə fikir mübadiləsinin davam etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər əməkdaşlığın daha da sistemli inkişafı üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının imkanlarından daha səmərəli istifadənin vacibliyini vurğulayıblar.
Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, işgüzar səfərlərin və biznes forumlarının təşkili istiqamətində fəaliyyətin artırılmasının vacibliyi vurğulanıb.
Sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərə malik olduğu qeyd olunub. Azərbaycan tərəfi İordaniya şirkətlərini ölkəmizin tranzit və logistika imkanlarından, xüsusilə Orta Dəhlizin yaratdığı üstünlüklərdən, eləcə də Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli investisiya mühitindən faydalanmağa dəvət edib.
Humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət, elm və təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Turizm sahəsində qarşılıqlı səfərlərin artırılmasının əhəmiyyəti vurğulanıb, 28 may 2026-cı il tarixindən Bakı-Əmman-Bakı marşrutu üzrə aviareyslərin həyata keçirilməsi müsbət qiymətləndirilib.
Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Tərəflər sənədin vətəndaşların sərbəst hərəkətinə, turizm, iqtisadi, humanitar və işgüzar əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini bildiriblər.
Səfər çərçivəsində nazirlər həmçinin “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Nazirlər BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini nəzərdən keçirib, qarşılıqlı dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluq ifadə ediblər.
Görüş zamanı 2026-cı ilin ilk yarısında Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF13), Bakı Enerji Həftəsi və bir sıra digər beynəlxalq tədbirlər, habelə cari ilin oktyabr ayında Bakıda keçiriləcək AQEM Sammitinə, eləcə də növbəti il İslam Əməkdaşlıq Təşkilatının sammitinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Regional məsələlər üzrə müzakirələr zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti nəzərdən keçirilib. Böhranın yalnız siyasi və diplomatik vasitələrlə həllinin mümkün olduğu vurğulanıb, davam edən dialoq və danışıqlar prosesinə dəstək ifadə edilib.
Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, ötən ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sammit çərçivəsində əldə olunmuş razılaşmalar, eləcə də sülh prosesində mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi, eləcə də mina təhlükəsinin yaratdığı çağırışlar barədə fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan ilə İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.
Keçirilmiş görüşlərin nəticəsində Nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.
***
12:45
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə təkbətək görüşü başa çatıb.
Bu barədə Teleqraf Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə də görüş keçirilib.
Görüş zamanı Azərbaycan-İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər ikitərəfli hüquqi bazanın genişləndirilməsinin, həmçinin əməkdaşlığın daha sistemli inkişafı üçün Azərbaycan–İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində nazirlər Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbindən qarşılıqlı azadolma haqqında Sazişi, eləcə də Azərbaycan Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Nazirlər həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Regional məsələlərə dair müzakirələr zamanı tərəflər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər. Nazirlər hazırkı böhranın yalnız siyasi və diplomatik vasitələrlə həll oluna biləcəyini vurğulayıblar, davam edən dialoq və danışıqlar prosesinə dəstəklərini ifadə ediblər.
Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, o cümlədən ötən ilin avqustunda Vaşinqton Sammitində əldə olunmuş tarixi razılaşmalar və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.
Nazirlər həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı problemlər ətrafında fikir mübadiləsi aparıblar.
***
12:15
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə təkbətək görüş keçirir.
Bu barədə Teleqraf Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
***
12:09
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qarşılayıb.
Bu barədə Teleqraf Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Bildirilib ki, bu səfər ölkələrimiz arasında mövcud olan möhkəm dostluq və tərəfdaşlığı, eləcə də ikitərəfli əməkdaşlığın geniş sahələr üzrə daha da inkişaf etdirilməsi istiqamətində ortaq öhdəliyi əks etdirir.