BAKI, 14 may. TELEQRAF

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Kamboca Krallığına işgüzar səfəri çərçivəsində bu ölkənin ali rəhbərliyi ilə silsilə görüşlər keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın Kambocadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Elçin Əmirbəyov dövlət başçısı səlahiyyətlərini icra edən, Kamboca Senatının sədri Hun Sen, Baş nazir Hun Manet, Milli Assambleyanın sədri Khuon Sudari, Baş nazirin müavini və xarici işlər naziri Prak Soxon, eləcə də digər rəsmi şəxslərlə bir araya gəlib.

Görüşlər zamanı Azərbaycan və Kamboca arasında ticarət, energetika, kənd təsərrüfatı və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olub.

Tərəflər həmçinin təhsil, humanitar minatəmizləmə və turizm sektorlarında birgə layihələrin həyata keçirilməsi, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.