BAKI, 6 mart. TELEQRAF

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində meksikalı rəssam Jazzamoartın (Jazzamoart) əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero və Milli Məclisin deputatı, Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva iştirak ediblər.

Açılışda çıxış edən səfir Mariya Viktoriya Romero Kabalyero bir neçə ay əvvəl Dieqo Riveranın sərgisindən sonra Meksikanın Quanaşuato ştatından olan növbəti görkəmli rəssamın əsərlərini təqdim etməkdən qürur duyduğunu bildirib:

"Jazzamoart musiqidən ilham alan geniş kolleksiyaya malik rəssamdır. Bu sərginin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi kimi xüsusi bir məkanda təşkili bizim üçün ikiqat qələbədir. Qonaqların həm meksikalı rəssamın əsərlərindən, həm də buradakı musiqi ab-havasından zövq alacağına ümid edirəm”.

Deputat Jalə Əliyeva öz çıxışında Meksika və Azərbaycan xalqları arasındakı bənzərliklərə diqqət çəkib:

"Meksika torpağı Azərbaycan kimi qədim tarixə və mədəniyyətə malikdir. İnsanları da bizim kimi istiqanlı və qonaqpərvərdir. Bizi birləşdirən ortaq nöqtələr çoxdur və bu münasibətlərin inkişafında mədəniyyət mühüm rol oynayır. Xanım səfirin bu təşəbbüsünün çox uğurlu olacağına əminəm”.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifasında milli musiqiləri dinləyiblər.

Qeyd edək ki, Jazzamoart musiqi və rəssamlıq arasında fənlərarası layihələrdə çalışan meksikalı rəssamdır. Onun əsərləri Madrid şəhərindəki Kraliça Sofiya Muzeyində, Amsterdam Milli Muzeyində, Nyu-Yorkdakı Bronks Muzeyində, Pekində Çin Milli İncəsənət Muzeyinin Biennalesində, Mexikodakı Müasir İncəsənət Muzeyində və dünyanın digər tanınmış muzey və qalereyalarında keçirilən 500-dən çox sərgidə təqdim olunub.

Cizgi qrafikası və Meksika üslubunun elementləri ilə zəngin, diqqət çəkən əsərləri rəssama onlarla mükafat qazandırıb. Jazzamoartın vizual improvizasiyaları və səhnə tərtibatları B.B. King, Rey Çarlz, Diana Krall və Arturo Sandoval kimi sənətkarlar üçün hazırlanıb.