BAKI, 2 mart. TELEQRAF

"Azərbaycan dövlətinə və xalqına göstərdikləri dəstəyə görə təşəkkür edirik".

Teleqraf xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

"Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə başsağlığı mesajları ilə həmrəylik nümayiş etdiriblər. Prezident İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana ünvanladığı başsağlığı mesajını da hamı görüb. Azərbaycan dövlətinə və xalqına göstərdikləri bu dəstəyə görə təşəkkür edirik",- o vurğulayıb.

Diplomat qeyd edib ki, iki ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon danışığı zamanı rəsmi Bakı öz ərazisindən İrana qarşı istifadə edilməyəcəyini bir daha bəyan edib:

"Təbii ki, biz buna hər zaman inanmışıq. Azərbaycanın ən yüksək vəzifəli şəxsləri bu mövqeyi hər zaman ifadə ediblər".