BAKI, 26 fevral. TELEQRAF

"AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi tamamilə qətiyyətli və birmənalıdır".

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş tədbirlər görülməlidir:

"Təyyarənin vurulması Rusiya müdafiə nazirliyinin səhvi ucbatından baş verib. Buna dair bütün tədbirlər görüləcəyi, hüquqi qiymət verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntilərimiz də məhz bundan ibarətdir".

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.