BAKI, 5 fevral. TELEQRAF

Azərbaycan beynəlxalq münasibətlərdə güc siyasətinə və birtərəfli addımlara deyil, beynəlxalq hüququn, çoxtərəfli əməkdaşlığın və kooperativ təhlükəsizliyin gücləndirilməsini dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "Global Times"a müsahibəsində bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan Çin sədri Si Cinpin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Mədəniyyət təşəbbüslərini dəstəkləyir:

"Həmçinin, 2025-ci ildə elan edilmiş Qlobal İdarəetmə təşəbbüsü beynəlxalq münasibətlərin dövlətlərin suveren bərabərliyi və BMT Nizamnaməsinə hörmət prinsiplərinə əsaslanaraq yaxşılaşdırılması baxımından dəyərlidir. Bu təşəbbüslər Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasına verdiyi uzunmüddətli dəstək ilə uzlaşır. Azərbaycan Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasına, etimadın möhkəmləndirilməsinə, münasibətlərin normallaşdırılmasına və inkişaf yönümlü əməkdaşlığa səy göstərir", - o qeyd edib.

Ceyhun Bayramov Azərbaycanın Çin və digər tərəfdaşlarla sülh, sabitlik və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün konstruktiv əməkdaşlığa hazır olduğunu vurğulayıb.