BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tacarasında ikitərəfli münasibətlərin mövcud gündəliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycanın Müqəddəs Taxt-Tac ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb, son zamanlar Azərbaycandan Müqəddəs Taxt-Taca baş tutan çoxsaylı yüksək səviyyəli səfərlərin bunun bariz nümunəsi olduğu bildirilib.
Bu çərçivədə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca cari ilin oktyabr ayında həyata keçirilmiş səfərinin əlaqələrimizin qarşılıqlı anlaşma və ortaq dəyərlər əsasında daha da möhkəmlənməsinə təkan verdiyi vurğulanıb. Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda həyata keçirilən mühafizə və bərpa layihələrinin humanitar sahədə əməkdaşlığımız üçün körpü rolunu oynadığı qeyd edilib.
Azərbaycan ərazisində yaşayan bütün etnik və dini icmaların hüquq və təhlükəsizliyinin təmin edildiyi bildirilib, ölkəmizin çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrindən danışılıb.
Dini etiqadların universal insani dəyərlər və qlobal həmrəyliyin təşviqindəki mühüm roluna toxunulub, bu çərçivədə, dinlərarası dialoqun daha da dərinləşdirilməsinin, eləcə də mədəni-humanitar sahədə müştərək layihələrin təşviqinin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda dostluq və anlaşma əlaqələrinin gücləndirilməsinə töhfə verdiyi ifadə olunub.
Nazir Ceyhun Bayramov görüş zamanı qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər, münaqişədən sonra regionumuzdakı inkişaflar barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
16:05
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan-Vatikan münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişafına verdiyi böyük əhəmiyyət vurğulanıb, son dövrlərdə həyata keçirilmiş yüksək səviyyəli səfərlərin qarşılıqlı anlayışın gücləndirilməsində əsas rol oynadığı qeyd edilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və qoruma layihələrinin mümkün etdiyi humanitar əməkdaşlıq xüsusi olaraq diqqətə çatdırılıb.
Azərbaycanın multikulturalizm ənənələri, ərazilərindəki xristian abidələri də daxil olmaqla dini irsin qorunmasına dair uzunmüddətli səyləri vurğulanıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan–Ermənistan normallaşma prosesi, Vaşinqton sammitində əldə olunmuş tarixi razılaşmalar və onların icrası, həmçinin post-münaqişə dövrünün regional inkişafı və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.