ŞUŞA, 20 iyul. TELEQRAF
"Əbu-Dabi görüşü konstruktiv şəkildə keçirilib".
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.
“Bu görüşdə danışıqlar üçüncü tərəf olmadan baş tutub. Son iki ildə Azərbaycan və Ermənistan arasında danışıqlar əsasən bu formatda aparılıb.
Artıq məlumdur ki, tərəflər sülh müqaviləsi üzərində razılığa yaxınlaşıblar. Danışıqlarda müzakirə olunan əsas mövzulardan biri də məhz bu – sülh sazişinin imzalanması məsələsi idi.
Azərbaycan yaradıcı diplomatiya prinsiplərinə əsaslanaraq sülh sənədinin paraflanması təşəbbüsü ilə çıxış edib. Təbii ki, burada nəzərə alınmalı olan həssas məqamlar var. Xüsusilə Ermənistan Konstitusiyasında yer alan və sülh prosesinin ruhuna zidd olan müddəalar bu baxımdan ciddi maneə yaradır.
Bundan əlavə, ATƏT-in Minsk qrupunun tamamilə ləğvi ilə bağlı məsələlər də hələ ki, açıq qalır. Bu addımlar atılmadıqca sənədin paraflanması mövzusu hələ də müzakirə predmetidir”,- o qeyd edib.
Bakı ilə İrəvan arasında ilin sonunadək sülh sazişinin imzalanması ehtimalına gəlincə, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, hazırda bu barədə konkret proqnoz vermək çətindir.