BAKI, 10 aprel. TELEQRAF

"Azərbaycan Ermənistanla dayanıqlı sülhə can atır. Biz birbaşa danışıqlarda, o cümlədən Almaniyada keçirilən danışıqlar zamanı sülh sazişinin mətnini tamamilə razılaşdırmışdıq. Amma Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalmaqdadır. Onları aradan qaldırmaq lazımdır ki, saziş Ermənsitanın gələcək rəhbərliyi üçün də məcburi olsun və heç bir mübahisə doğurmasın".

Teleqraf xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev yerli "Merkur" nəşrinə müsahibəsində belə deyib.

N.Ağayev bidlirib ki, rəsmi Bakı gələcəkdə Ermənistanın Azərbaycana qarşı heç bir yeni ərazi iddiası ilə çıxış etməyəcəyi ilə bağlı təminat istəyir: "Bundan əlavə, ATƏT-in Minsk Qrupu keçmiş münaqişə üçün olan vasitəçilik formatı - buraxılmalıdır. Sülh sazişinin mətni hazırdır, indi top erməni tərəfindədir. Bu qanuni şərtlər icra olunan kimi, razılaşma imzalana bilər. Bu bizə diplomatik münasibətləri qurmaq və ölkələrimiz arasındakı münasibətləri normallaşdırmağa imkan verəcək".

Müxbirin "Almanların əksəriyyətində Azərbaycanla bağlı o qədər də xoş təəssüratın olmaması" barədə sualına səfir belə cavab verib: "Bəzi almanlar məhz belə düşünürlər. Lakin bizim məqsədimiz onların rəyini dəyişməkdir. Qərbdə Ermənistana qarşı müəyyən rəğbət var və Azərbaycan da bəzən onun düşməni kimi qəbul edilir. Biz insanlara göstərmək istəyirik ki, çoxmədəniyyətli, dünyəvi, siyasi cəhətdən stabil və iqtisadi cəhətdən güclü Azərbaycan Almaniya üçün etibarlı müttəfiqdir və bizim münasibətlərimizin dərinləşməsi hər iki tərəfin xeyrinə olacaq".