BAKI, 12 sentyabr. TELEQRAF
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və yığmanın idman direktoru İlqar Qurbanov Polşaya səfər ediblər.
Teleqraf xəbər verir ki, futbol rəsmiləri Çenstoxova şəhərində “Rakuv”un oyununu tribunadan izləyiblər. Onlar görüşdən əvvəl klubun prezidenti və idman direktoru ilə də bir araya gəliblər.
İlqar Qurbanov görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, “Rakuv” rəhbərliyi ilə görüşdən məmnunluğunu ifadə edib və klub nümayəndələrinə səmimi qarşılanma, qonaqpərvərlik və xoş münasibətə görə təşəkkürünü bildirib.
Qurbanov həmçinin fikir mübadiləsi aparmaq və əlaqələri gücləndirmək imkanını yüksək qiymətləndirib, “Rakuv”a qarşıdakı mövsümdə uğurlar arzulayıb.