KƏLBƏCƏR, 12 sentyabr. TELEQRAF
Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər.
Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə Bal festivalının açılışında bildirib.
Hikmət Hacıyev Kəlbəcər sakinlərinin yaşadığı faciələrdən danışıb. O, Kəlbəcərdən didərgin düşən soydaşlarımızın ilk sığınacaq tapdığı yerlərdən birinin məhz Gəncə şəhəri olduğunu diqqətə çatdırıb:
“Onlar ayaqyalın, başıaçıq, köməksiz və qidasız vəziyyətdə Gəncəyə gəliblər. Həmin dövrdə yerləşdirildikləri ilk məntəqələrdən biri Gəncə Dövlət Texnologiya Universitetinin yataqxanası olub. Mən o günləri hələ də böyük faciə hissi ilə xatırlayıram. Yaşımın az olmasına baxmayaraq, Kəlbəcər sakinlərinin o qarlı-şaxtalı günlərdə Gəncə şəhərinə gəlib çatdıqları yaxşı yadımdadır. Biz tarixi faktları, xüsusən də Tunel faciəsini əsla unutmamalıyıq. Tunelin çıxacağında erməni terrorçu Monte Melkonyanın dəstəsi pusqu qurub dinc əhaliyə qarşı Xocalı miqyasında ağır divan tutmuşdu. Öz namusunu, qeyrətini qoruyan kəlbəcərli bacılarımızın özlərini Tərtər çayına atması kimi faciəli hadisələr yaşandı. Bunları danışmaq hər birimiz üçün çətindir.
Amma çox qürurvericidir ki, həmin ağrılı günlər artıq keçmişdə qalıb. Bu gün cənab Prezidentin siyasəti nəticəsində biz doğma Kəlbəcərdəyik. Buranın belə gözəl olduğunu təsəvvür edə bilməzdim. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir”.
Hikmət Hacıyev çıxışının sonunda xarici diplomatların Kəlbəcərdə yüksək qonaqpərvərliklə qarşılanmasına görə sakinlərə təşəkkür edib və onları növbəti bərpa mərhələsi münasibətilə təbrik edib.