QARABAĞ, 12 sentyabr. TELEQRAF

"Bakı İqlim Həftəsi Azərbaycan hökuməti üçün böyük uğur oldu".

Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.

O qeyd edib ki, BMT Azərbaycan kimi orta ölçülü bir ölkənin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli liderlik nümayiş etdirməsini yüksək qiymətləndirir:

“Biz həmişə Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə belə qətiyyətli liderlik nümayiş etdirməsini alqışlayırıq. Çünki hesab edirik ki, iqlim dəyişikliyi hamının ortaq məsuliyyətidir və bu istiqamətdə liderlərə ehtiyacımız var. Azərbaycan, şübhəsiz ki, belə liderlərdən biridir”.

D.Şlapaçenko Azərbaycanın COP29-dan sonra da iqlim gündəliyində fəal iştirakını davam etdirdiyini vurğulayıb:

“Azərbaycan bu tədbirin təşkili üçün böyük səy göstərdi. İnsan kapitalına və maliyyə resurslarına investisiya qoyuldu. Əsas alimlərin, diplomatların, BMT rəsmilərinin, fəalların, gənclərin və digər tərəflərin iqlim dəyişikliyi mövzusunda bir araya gəlməsi çox vacib idi”.

BMT rəsmisinin sözlərinə görə, Bakı İqlim Həftəsinin mediada geniş işıqlandırılması da mühüm əhəmiyyət daşıyıb:

“Bu, təkcə Azərbaycanda deyil, digər ölkələrdə də çox yaxşı işıqlandırıldı. Bu, çox vacibdir”.

O əlavə edib ki, iqlim tədbirlərinin konkret nəticələr verməsi və mühüm qərarların qəbul olunması da xüsusi əhəmiyyət daşıyır.