BAKI, 10 fevral. TELEQRAF

"Ukraynanın Avropa İttifaqına daxil olmaq şansı var, lakin bunun baş verməsi üçün hərbi əməliyyatlar dayandırılmalıdır".

Teleqraf xəbər verir ki, bu sözləri Almaniyanın müxalifət blokunun lideri Fridrix Merz "ZDF" kanalında kansler Olaf Şoltsla teledebat zamanı deyib.

“Hazırda Ukraynanın NATO-ya üzvlüyü müharibə vəziyyətində olan ölkə statusuna görə mümkün deyil. Bununla belə, Aİ-yə namizəd statusu düzgün addımdır. Artıq bu istiqamətdə iş gedir”, - siyasətçi vurğulayıb.

Merz xatırladıb ki, Aİ sazişlərində NATO-nun oxşarı kimi qarşılıqlı müdafiə ilə bağlı müddəalar var.

"Bu, Ukraynanı əlavə təhlükəsizlik səviyyəsi ilə təmin edəcək", - Merz bildirib.

Onun sözlərinə görə, inteqrasiya prosesi vaxt aparacaq və əsas şərt münaqişənin mümkün qədər tez başa çatmasıdır.