BAKI, 12 sentyabr. TELEQRAF

"Diplomatik korpusla birlikdə Gəncəsər və Xudavəng kilsələrini ziyarət etdik. Bu kilsələr qədim Alban xristian irsinin ayrılmaz hissəsidir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında paylaşımında bildirib.

O qeyd edib ki, Gəncəsər XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal Dövlə tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının çoxəsrlik xristian irsinin mühüm sübutu kimi qalır.

“İşğal illərində bu abidələr “bərpa” adı altında kənar müdaxilələrə məruz qalıb və bu müdaxilələr onların memarlıq orijinallığına və ilkin xarakterinə xələl gətirib.

Azərbaycan ərazisində yerləşən, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi, mədəni və dini abidələr ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti onların qorunmasına, mühafizəsinə və bərpasına sadiqdir.

Azərbaycanın multikultural və çoxdinli irsinin qorunması sahəsində təcrübəsi beynəlxalq səviyyədə tanınıb. Biz bu təcrübəni qonşularımız da daxil olmaqla digər ölkələrlə bölüşməyə hazırıq.

Həmçinin bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını həmin ərazilərə səfər etməyə və reallığı öz gözləri ilə görməyə dəvət edirik”, - Hikmət Hacıyev vurğulayıb.