TBİLİSİ, 6 fevral. TELEQRAF

Gürcüstanda etiraz aksiyalarının keçirilməsi qaydaları sərtləşdirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, ölkə parlamenti sonuncu oxunuşda “Toplaşmaq və nümayişlər haqqında” Qanuna düzəlişləri qəbul edib.

Düzəlişlərə əsasən, planlaşdırılmış və spontan etiraz aksiya anlayışları fərqləndiriləcək. Planlaşdırılmış aksiyanın keçirilməsi barədə beş gün öncə, spontan aksiya üçün isə ağlabatan müddətdə meriyaya xəbərdarlıq edilməlidir. Aksiyalara icazə ilə qadağan edilməsi barədə qərarı Daxili İşlər Nazirliyi (DİN) qəbul edəcək.

Xəbərdarlıq zamanı, əvvəllər olduğu kimi, etibarlı şəxs barəsində deyil, yalnız təşkilatçı barədə məlumatlar tələb olunacaq.

Bundan başqa, qapalı məkanlarda və sahibin öncədən yazılı razılığı olmadan etiraz aksiyalarının keçirilməsi qadağan edilir. Binaların girişlərinin, avtomagistralların, dəmir yollarının, tunellərin, estakada və körpülərin mühasirəyə alınması da qadağan olunur.

Qanunla aksiya iştirakçılarına nəqliyyatın, piyadaların hərəkətinə maneə yaratmaqla yanaşı, aksiya iştirakçılarına təhlükə törədən və yaxud polisə ictimai asayişi qorumağa mane olan müvəqqəti konstruksiyaların quraşdırılmasına qadağa qoyulacaq.

Razılaşdırılmamış aksiyalara icazə verilməyəcək.

Qanuna düzəlişlər prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.