BAKI, 19 may. TELEQRAF
“Zərərlər yalnız müharibədən qaynaqlanmırdı. Təəssüf ki, 2023-cü ildə Suriyanı vuran zəlzələ də əlavə dağıntılara səbəb oldu. Buna görə də söhbət tək bir zərər növündən deyil, mürəkkəb və üst-üstə düşən zərərlərdən gedir”.
Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Regional Şəhər Laboratoriyası: Misir və Suriyadan şəhər miqyasında dayanıqlı şəhər inkişafının maliyyələşdirilməsi üçün innovativ şəhər alətləri” adlı panel sessiyasında şəhərsalma üzrə mütəxəssis Natalia Atfeh deyib.
O vurğulayıb ki, xüsusilə ən çox zərər görən, plansız tikililərin yerləşdiyi ərazilərdə bu məsələ çox böyük çağırış və problem idi:
“Biz bu metodologiyanı “bərpa çərçivəsi” adlandırırıq. Bərpa mərhələsindən sonra ilk addımlara başlamalıyıq. Amma bundan əvvəl həmin şəhərlərin mövcud vəziyyətini və kontekstini tam başa düşmək lazımdır ki, zərərləri bütün səviyyələrdə düzgün qiymətləndirə və nəticələri təqdim edə bilək.
Buraya şəbəkələr və infrastruktur, binalar, xidmətlər, hətta iqtisadi fəaliyyətlər də daxildir. Yəni söhbət bir-birini tamamlayan inteqrə olunmuş alətlərdən gedir. Bu alətlərin hazırlanması üçün də kompleks metodologiya hazırlanıb.
Çünki zərərlərin qiymətləndirilməsinin məqsədi olmalıdır. Əgər bu sadəcə məlumat toplamaq üçün edilirsə, o zaman effektiv nəticə verməyəcək. Biz zərərləri müəyyən bir məqsəd üçün qiymətləndiririk”,- şəhərsalma üzrə mütəxəssis vurğulayıb.