BAKI, 24 oktyabr. TELEQRAF

Fransanın Lion şəhərində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Teleqraf AFP agentliyinə istinadən xəbər verir ki, ölkənin iri şəhərlərində yaşayış xərclərinin artmasına qarşı ümumxalq etirazlar davam edir.

Hakimiyyət orqanları bir həftə əvvəl baş vermiş iğtişaşların və dağıntıların təkrarlanmasının qarşısını almağa çalışır.

Məlumata görə, Lionun mərkəzi hissəsində, nümayişlərin keçirilməsi qadağan olunmuş ərazidə təxminən 150 nəfər toplaşıb. Etirazçıların bir hissəsi qısa müddətə yolu bağlamağa cəhd edib və polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Etiraz aksiyaları ərəfəsində şəhərdə polis patrulları, zirehli avtomobillər və xüsusi təyinatlı bölmələrin furqonları növbətçilik edib. Lion üzərində polis helikopteri dövrə vurub, bəzi mağazalar isə qoruyucu panjurlarını bağlayıb. Bir sıra ticarət obyektlərinin girişində özəl mühafizəçilər yerləşdirilib.

Sosial şəbəkələrdə şəhər mərkəzində nümayişlərin keçirilməsinə qoyulan qadağaya məhəl qoymamağa çağırışlar yayılıb.