BAKI, 24 oktyabr. TELEQRAF

Çin Tibet Muxtar Rayonunda baş verən 7 maqnitudalı zəlzələdən sonra təcili yardım tədbirləri üçün 50 milyon yuan (təxminən 7,5 milyon ABŞ dolları) ayırıb, bərpa işlərinə isə əlavə 30 milyon yuan vəsait nəzərdə tutub.

Teleqraf xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Bildirilib ki, Çinin Maliyyə Nazirliyi və Fövqəladə Halların İdarə Edilməsi Nazirliyi xilasetmə əməliyyatlarının aparılması və zəlzələdən zərər çəkən sakinlərə yardım göstərilməsi üçün birgə 50 milyon yuan vəsait ayırıb.

Milli İnkişaf və İslahatlar Komissiyası isə zədələnmiş infrastrukturun və ictimai xidmət obyektlərinin bərpasına dəstək məqsədilə mərkəzi büdcədən əlavə 30 milyon yuan vəsait ayırıb.

Bundan başqa, ölkədə zəlzələyə müdaxilə üzrə milli fövqəladə vəziyyət rejiminin səviyyəsi IV-dən III-ə yüksəldilib. Eyni zamanda, təbii fəlakətlərdən zərər çəkənlərə yardım üzrə ayrıca IV səviyyəli milli fövqəladə reaksiya rejimi tətbiq olunub.

Qeyd edək ki, zəlzələ cümə axşamı saat 22:33-də Naqçu şəhərinin Baçen qəzasında baş verib. Təbii fəlakət nəticəsində 16 nəfər ölüb, 54 nəfər yaralanıb.