İSRAİL, 24 oktyabr. TELEQRAF
İsrailə səfər edən Azərbaycan, Qazaxıstan və Qırğızıstan mütəxəssisləri süni intellekt və kibertəhlükəsizlik sahələrində yeni texnologiyaların tətbiqi ilə tanış olublar.
Teleqraf-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, “CyberWell” şirkətində olan heyət kommunikasiya direktoru Qabriel Rozenberq ilə görüşüb.
Q. Rozenberq bildirib ki, şirkət antisemitizmlə mübarizə səylərini gücləndirmək məqsədilə sosial media və böyük texnologiya platformaları ilə birbaşa əməkdaşlıq edərək icma standartlarının və nifrət nitqinə dair siyasətlərin tətbiqini və təkmilləşdirilməsini təşviq edir. Şirkət “Meta”, “TikTok”, “YouTube” və “X” kimi aparıcı sosial media platformaları ilə etibarlı tərəfdaş statusu əldə edib.
Şirkətdə tədqiqat analitiki və siyasət məsələləri üzrə rəhbər Nilaya Maqidiş bildirib ki, “CyberWell” potensial problemləri müəyyənləşdirmək üçün süni intellektdən istifadə edərək geniş həcmdə məzmunu izləyir. Daha sonra mütəxəssislər həmin məzmunları dil, mədəniyyət və siyasi kontekst baxımından təhlil edirlər.
N.Maqidiş qeyd edib ki, beş il əvvəl yaradılan “CyberWell” indiyədək 800 mindən çox məzmun nümunəsini pozuntu kimi qeydə alıb. Bunun nəticəsində 400 mindən çox məzmun silinib və siyasətlərin təkmilləşdirilməsi üçün 170 tövsiyə irəli sürülüb. Xüsusilə, şirkətin fəaliyyəti antisemit məzmunların silinmə göstəricisinin 28 faiz bəndi artmasına səbəb olub. Hazırda belə məzmunların silinmə səviyyəsi 50 faizi ötür, bəzi hallarda isə 90 faizə çatır.
İştirakçılar “Itay&Beyond” şirkətinin həmtəsisçisi Nisim Perets ilə də görüşüb. Perets sözlərinə görə, o, Şmulik Bezales və Boaz Qoldmanla birlikdə bu şirkəti yaradıb.
“Itay&Beyond” şirkəti qabaqcıl “beyin-çipdə” ("brain-on-a-chip") texnologiyasından, süni intellektdən və pasiyentlərin beyin toxuması olmayan hüceyrələrindən — məsələn, dəri və ya sidik nümunələrindən əldə edilən hüceyrələrdən orqanoidlərin yetişdirilməsindən istifadə edir.
Bu texnologiya vasitəsilə miniatür, canlı beyin strukturları yetişdirilir və onlar süni intellekt əsasında müxtəlif hesablama tapşırıqlarını yerinə yetirən çoxelektrodlu massivlərlə əlaqələndirilir. Beləliklə, ənənəvi heyvan sınaqlarına ehtiyac azaldılır, dərmanların klinik şəraitdə effektivliyi daha dəqiq proqnozlaşdırılır və mürəkkəb xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müalicəyə fərdi reaksiyası qiymətləndirilir. Bu yanaşma autizm, şizofreniya və demensiya kimi xəstəliklərin müalicəsində yeni imkanlar yarada bilər.
Numayəndə heyəti “Dream” şirkətinin baş ofisində də olub. Şirkətin biznesin inkişafı üzrə direktoru Devid Amir Tel-Əvivdə yerləşən, süni intellekt və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət haqqında məlumat verib. O qeyd edib ki, sürətlə inkişaf edən şirkətin təxminən 350 əməkdaşı var, Vyana və Əbu-Dabidə də ofisləri fəaliyyət göstərir.
İsrailin “8200” bölməsində polkovnik rütbəsində xidmət etmiş və həmin bölməyə rəhbərlik etmiş, daha sonra isə ABŞ-da İsrailin ilk kiberattaşesi olmuş Amir bildirib ki, “Dream” süni intellektlə kibertəhlükəsizliyi birləşdirərək dünyanın müxtəlif ölkələrində hökumətlərin və kritik infrastruktur obyektlərinin ehtiyaclarını qarşılamağa çalışır.
“Dream” süni intellekt modellərindən və müxtəlif xarici məlumat mənbələrinin birləşdirilməsindən istifadə edərək qabaqlayıcı müdafiə sistemləri yaradır.
Şirkətin kompleks təhlükəsizlik həlləri üç əsas istiqaməti əhatə edir. Birinci istiqamət olan kiber təhdidlər haqqında kəşfiyyat məlumatları xarici rəqəmsal risklərin xəritələndirilməsinə və hücum edənlərin davranışlarının proqnozlaşdırılmasına imkan verir. İkinci istiqamət — təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi — şəbəkə konfiqurasiyaları əsasında rəqəmsal əkizlərin yaradılmasını və nüfuzetmə sınaqları keçirmədən zəifliklərin müəyyənləşdirilməsini nəzərdə tutur. Üçüncü istiqamət isə qabaqcıl təhdid aşkarlama sistemləridir. Bu sistemlər anomaliyaların aşkarlanmasını və avtonom araşdırma mexanizmlərini birləşdirərək çoxsaylı xəbərdarlıqlar arasından real təhdidləri seçməyə və şəbəkə daxilində yan istiqamətdə yayılan hücumları müəyyənləşdirməyə kömək edir.
İsrailin Milli Süni İntellekt Direktorluğunu da ziyarət edən iştirakçılara ölkənin süni intellekt sahəsində strateji çərçivəsi təqdim edilib. Bikldirilib ki, bu strategiyanın əsas məqsədləri İsrailin qlobal süni intellekt lideri mövqeyini gücləndirmək və texnologiyadan vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması üçün istifadə etməkdir.
Təqdimat zamanı bu məqsədlərə çatmağa imkan verən əsas istiqamətlərdən bəhs olunub. Bunlara kvant hesablamalarının inkişafı, yüksək texnologiyalı istehsal infrastrukturlarının yaradılması, insan kapitalının inkişafı və güclü hesablama imkanlarının formalaşdırılması daxildir.
Bununla yanaşı, İsrailin üstünlük əldə edə biləcəyi fərqli istiqamətlərə də diqqət çəkilib. Buraya süni intellektin kibertəhlükəsizliklə birləşdirilməsi, fiziki süni intellekt sistemlərinin və real həyatla qarşılıqlı əlaqədə olan süni intellekt həllərinin inkişafı daxildir. Bu texnologiyaların real problemlərin həllinə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycandan 7, Qazaxıstandan 10, Qırğızıstandan isə 1 nəfər olmaqla, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən ümumilikdə 18 mütəxəssis daxildir.