İsmayıllı, 18 noyabr. TELEQRAF
Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib.
Teleqraf-ın Lahıca ezam olunmuş müxbiri xəbər verir ki, səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.
“Diri Baba” türbəsi
Ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən “Diri Baba” türbəsində jurnalistlərə məlumat verilib ki, türbə 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilib. Türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir.

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir. “Basqal” Qoruğu ərazisində tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları, tarixi evlər kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqal həm də 500 ilə yaxın yaşı olan, 1563-cü ildə əkilmiş tarixi çinar ağacı ilə məşhurdur.
“Basqal” Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirilir. Son dövrlərdə Basqalda sayca üçüncü küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb. Bununla yanaşı, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri davam etdirilir.

Mediatur çərçivəsində “Basqal” Qoruğu ərazisində kəlağayı istehsalı emalatxanasında ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izlədik. Basqal mətbəxinin incisi, Basqal halvasının hazırlanması prosesi ilə də tanış olduq.
“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu
“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınan 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir.
Qoruq ərazisində 30-a yaxın sənətkarlıq sahəsi inkişaf edib. Qəsəbənin mərkəzi küçəsi sayılan Böyük küçə və ya Bazar küçəsi sənətkarlar məhəlləsidir. Lahıcın demək olar ki, bütün mis mağazaları, emalatxanaları burada yerləşir. Turistlərin əsas ziyarət etdiyi məhəllə “Lahıc” Qoruğunun bu hissəsidir.

Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə onların emalatxanalarında canlı olaraq tamaşa etmək mümkündür. XIX əsrdə 52 misgər dükanı olan İsmayıllının Lahıc qəsəbəsi tarixən mis məmulatlarının istehsalında xüsusi yer tutub və bu gün də həmin ənənə yerli ustalar tərəfindən uğurla davam etdirilir. Dəri məmulatlarının istehsalı isə Lahıcda misgərlikdən sonra ikinci peşədir. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Yeri gəlmişkən, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bərpa-quruculuq işləri davam edir. Qoruq ərazisində Qoruq evinin inşası tamamlanmaq üzrədir. Bundan başqa, turistlərin və yerli sakinlərin rahatlığı üçün ərazidə parkinq zonası yaradılır, geniş abadlıq işləri görülür.