BAKI, 14 noyabr. TELEQRAF
“Biz milli kimliyini və vətəndaş məsuliyyətini dərk edən, tarixini bilən, milli köklərinə, dəyərlərinə və dövlətinə bağlı, eyni zamanda rəqəmsal mühitdə məlumatı təhlil etmək, yoxlamaq və müstəqil mühakimə yürütmək bacarığına malik rəqabətədavamlı gənclər yetişdirməliyik. Tədris proqramlarının yenilənməsində bu hədəflər əsas götürülməli, onların reallaşdırılması üçün zəruri maliyyə təminatı yaradılmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva təhsilin inkişafı, 2027-ci ilin dövlət büdcəsində bu sahəyə ayrılması nəzərdə tutulan vəsait, peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və Sumqayıtda peşə təhsili infrastrukturunun yenilənməsi ilə bağlı bir sıra təkliflərlə çıxışında deyib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident cənab İlham Əliyevin ideoloji risklər qarşısında təhsilin, savadlılığın və vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini xüsusi vurğulaması təhsil sisteminin qarşısında mühüm vəzifələr müəyyənləşdirir:
“Dövlətin təhsilə prioritet sahə kimi yanaşması 2027-ci ilin dövlət büdcəsi layihəsində də öz əksini tapır. Belə ki, təhsil xərclərinə 5 milyard 99 milyon manat ayrılması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin təxminən 12 faizini təşkil edir və 2026-cı illə müqayisədə 1,6 faiz, 2025-ci illə müqayisədə isə 10,4 faiz çoxdur.
Ayrılması planlaşdırılan vəsaitin əsas hissəsi ümumi təhsilə – 2 milyard 185 milyon manatdan çox, məktəbəqədər təhsilə 435 milyon manat, ali təhsilə 853 milyon manatdan artıq, peşə təhsilinə isə 115,4 milyon manat təşkil edir.
Büdcə vəsaitlərinin səmərəliliyi yalnız maliyyə göstəriciləri ilə deyil, təhsilin keyfiyyətində və əlçatanlığında yaratdığı real dəyişikliklərlə ölçülməlidir. Daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması, regionlarda keyfiyyətli təhsil imkanlarının genişləndirilməsi və gənclərin əmək bazarında tələb olunan peşələrə yiyələnməsi əsas nəticələr olmalıdır.

Qarabağ və Şərqi Zəngəzurda təhsil infrastrukturunun qurulmasını Böyük Qayıdış strategiyasının mühüm istiqamətlərindən biri kimi dəyərləndirilir. Zəngilan Şəhər Təhsil Kompleksinin açılması, Qarabağ Universitetinin fəaliyyəti üçün 2027-ci ildə 51 milyon manat vəsait nəzərdə tutulması bu siyasətin konkret təzahürləridir”.
O, noyabrın 7-də Prezident cənab İlham Əliyevin iştirakı ilə əsaslı təmirdən sonra istifadəyə verilən 360 yerlik Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əhəmiyyətini də vurğulayıb:
Bildirib ki, bu müəssisə işğaldan azad edilmiş ərazilərdə tikinti, bərpa, turizm və xidmət sahələri üzrə yerli kadr potensialının formalaşdırılmasına mühüm töhfə verə bilər.
Peşə təhsilinin inkişafını xüsusi diqqətdə saxlayan deputat 2026-cı il qəbul göstəricilərini də müsbət qiymətləndirib. Onun sözlərinə görə, qəbul müsabiqəsində 51 964 nəfər iştirak etmək üçün müraciət edib, 33 120 plan yeri üzrə 27 974 nəfər qəbul olunub. Plan yerlərinin doluluq göstəricisinin təxminən 85 faizə çatması 2022–2026-cı illər üzrə ən yüksək nəticədir”.
Deputat həmçinin hesab edir ki, peşə təhsilinin əlçatanlığı daha da genişləndirilməli, müasir infrastruktur və əmək bazarının tələblərinə uyğun tədris imkanları yaradılmalıdır:

“Bu baxımdan Prezident İlham Əliyevin 2025-ci il dekabrın 5-də imzaladığı “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam xüsusi əhəmiyyət daşıyır. Sənədə əsasən, 2026–2030-cu illərdə 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 müəssisənin əsaslı təmiri nəzərdə tutulur.
Mehriban Vəliyeva peşə təhsilində maliyyələşmə mexanizmlərinin də təkmilləşdirilməsini vacib sayır:
“Bu tədris ilində peşə təhsilinə qəbul olunan 28 minə yaxın şəxsin təxminən 23 mini dövlət hesabına təhsil alır. Adambaşına maliyyələşmə mexanizmi isə 11 müəssisədə 12 minə yaxın tələbəni əhatə edir. Dual təhsilin genişləndirilməsi işəgötürənlərin kadr hazırlığında və praktiki təlimin maliyyələşdirilməsində iştirakını artırmalıdır.
Sözsüz ki, ali təhsildə yaradılan innovasiya və əməkdaşlıq mühitinin peşə təhsilində də tətbiqini məqsədəuyğundur. Bu baxımdan Bakıda yaradılan “SABAH.city” innovasiya şəhərciyini nümunə göstərən deputat bildirib ki, universitetləri, tədqiqat laboratoriyalarını, texnologiya şirkətlərini və startapları bir araya gətirən bu model peşə təhsili üçün də yeni imkanlar yarada bilər.
“Dünyanın müxtəlif ölkələrində, o cümlədən Mərakeş və Sinqapurda peşə təhsili müəssisələrinin iqtisadiyyatın real sektoruna inteqrasiyası istiqamətində uğurlu təcrübələr mövcuddur. Hesab edirəm ki, Azərbaycanda da sənaye parkları ilə əməkdaşlıq əsasında pilot peşə təhsili şəhərciyinin yaradılması məqsədəuyğun olardı. Burada bir neçə peşə təhsili müəssisəsi ortaq emalatxanalardan istifadə edə, işəgötürənlər tədris proqramlarının hazırlanmasına qoşula, tələbələr isə istehsalat təcrübəsini birbaşa tərəfdaş müəssisələrdə keçə bilərlər. İxtisaslar regionların iqtisadi profili və real kadr tələbatı əsasında müəyyənləşdirilməlidir”, – deyə deputat vurğulayıb.
.jpg)
Həmçinin peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra konkret təkliflər də irəli sürülüb. Təkliflərə əsasən:
- İctimai iaşə obyektlərində müvafiq ixtisaslar üzrə işə qəbul zamanı peşə təhsili sənədi və ya sertifikatın tələb olunması qanunvericiliklə tənzimlənməlidir. Bu, ixtisaslı kadr hazırlığını təşviq etməklə yanaşı, peşə təhsilinə marağı da artıracaq.
- Adambaşına maliyyələşmə normativləri ixtisaslar üzrə fərqləndirilməli, avadanlıq və sərf materiallarının real dəyəri nəzərə alınmalıdır. Regionlardakı kiçik peşə təhsili müəssisələrinin emalatxanaları üçün ayrıca baza maliyyəsi müəyyənləşdirilməlidir.
- Dual təhsil üzrə praktiki hazırlığın keçiriləcəyi müəssisələr və xərclərin tərəflər arasında bölüşdürülməsi müvafiq müqavilələrlə tənzimlənməlidir.
- Peşə təhsili məzunlarının altı ay ərzində öz ixtisasları üzrə işlə təmin olunma göstəriciləri hər il açıqlanmalı və növbəti ilin dövlət sifarişi formalaşdırılarkən nəzərə alınmalıdır.
- Şuşada tikinti və bərpa, turizm və xidmət sahələri üzrə kadr hazırlığı yerli işəgötürənlərlə birgə planlaşdırılmalıdır.
Deputat Sumqayıtda peşə təhsilinin sənaye parkları və onların rezidentləri ilə əməkdaşlıq əsasında inkişaf etdirilməsinin də vacibliyini xüsusi vurğulayıb:

“44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı olaraq şəhərdə peşə təhsilinin sənaye parkları ilə inteqrasiyası, müəssisələrin müasir kadr tələbatına uyğun mütəxəssislərin hazırlanması məsələsini dəfələrlə gündəmə gətirmişəm. Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin yenidən qurulması plana daxil edilsə də, artıq iki ildir ki, bu istiqamətdə işlərə başlanılmayıb.
Hesab edirəm ki, mərkəzin yenidən qurulmasının konkret icra qrafiki müəyyənləşdirilməli, eyni zamanda Prezidentin müvafiq sərəncamında tikintisi nəzərdə tutulan 21 peşə təhsili müəssisəsindən birinin Sumqayıtda yerləşdirilməsi məsələsinə baxılmalıdır”.
Peşə təhsilinə investisiya yalnız yeni təhsil müəssisələrinin yaradılması deyil, həm də ölkənin sənaye potensialının gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi və rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması deməkdir. Bu istiqamətdə atılacaq addımlar Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsi olmalıdır”.