BAKI, 16 aprel. TELEQRAF
Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvlərindən Məhəmmədəli Rəsulzadə haqqında qələmə aldığımız əvvəlki məqalələrdə onunla bağlı Türkiyə arxivindəki sənədlərdən bəhs etmiş, məzar yerinin dəqiqləşdirilməsi istiqamətində gördüyümüz işlərdən yazmışdıq. Bu yaxınlarda Türkiyə arxivində çalışarkən Məhəmmədəli bəylə bağlı bir sıra maraqlı yeni sənədlərin olduğunu da gördük. Bu sənədlər Məhəmmədəli bəy və çevrəsinin mühacirətdəki fəaliyyətinə işıq salmaqdadır.
Bu yeni sənədlərə keçməzdən öncə Məhəmmədəli bəyin həyat hekayəsinə qısaca nəzər yetirək.
Məhəmmədəli Rəsulzadə 7 aprel 1882-ci ildə Bakının Novxanı kəndində doğulub. İlk təhsilini din xadimi olan atası Əbdüləzizdən alıb, daha sonra Sultanməcid Qənizadənin ikinci rus-türk məktəbində davam etdirib. Ardınca Bakı Texniki məktəbində rus dilində təhsil alıb. 1902-ci ildən siyasi fəaliyyətə başlayan Məhəmmədəli bəy bir il sonra əmisi oğlu Məhəmmədəmin bəyin yaratdığı Müsəlman Gənclik Təşkilatının ilk üzvlərindən idi. 1904-cü ildə Cənubi Qafqazda ilk müsəlman sosial-demokrat qrupu Hümmət təşkilatı yaradılarkən Məhəmmədəli orada təmsil olunub. O, Hümmət təşkilatının nəşr etdirdiyi “Təkamül” (1906-1907), “Yoldaş” (1907) kimi qəzetlərdə həmkarlar ittifaqlarının fəaliyyətinə dair məqalələr yazıb. 1908-ci ildə dövlət əleyhinə çalışan şübhəli şəxs qismində həbs olunub. 1911-ci ildə Məhəmmədəmin bəyin göstərişi ilə Bakıda Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu ilə birgə Müsavat firqəsini yaradıb. Azərbaycan Cümhuriyyətinin elanından sonra o, Parlamentə üzv seçilib, 1919-cu ildə hökumət mətbəəsinə müdir təyin olunub.
Cümhuriyyətin işğalından sonra Məhəmmədəli bəy 22 avqust 1920-ci ildə həbs edilib. Həmin vaxt o, Raziyə adlı xanımla evli idi, övladları vardı. 1920-ci ilin noyabrında Moskvaya aparılan Məhəmmədəli bəy iki ilə yaxın müddətdə Millətlər Komissarlığının nəzdində olan kooperativ təşkilatda işləyib. 1922-ci ildə Məhəmmədəli bəy Abbasqulu Kazımzadə ilə birlikdə bir türkmən qayığına minərək İranın Ənzəli limanına qaça bilib.
.jpg)
İranda Qulamrza Şərifzadə və Cəfər Cəfərovla birgə Müsavatın Tehran komitəsini yaradıb. Eyni zamanda, İranda Azərbaycan Mühacirləri Yardımlaşma Cəmiyyətinin də əsas ideoloqu olub. 8 il İranda qaldıqdan sonra 1930-cu ildə Türkiyəyə gəlib. 22 iyul 1930-cu ildə o, Müsavatın Xarici Bürosunun toplantısında iştirak edib. Mühacirətə getdikdən sonra Sovet rejimi Məhəmmədəlinin həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgün edib. Məhəmmədəli bəy İstanbulda “Yeni Kafkasya”, “Azəri-Türk”, “Odlu yurd” kimi məcmuələrdə çalışıb, “Azərbaycan yurd bilgisi” dərgisində ədəbi yazılar qələmə alıb.
1940-cı illərdə o, Cümhuriyyət Xalq Partiyasının nəzdindəki Xalq Evləri bürosunun əməkdaşı olub. Eləcə də Azərbaycan istiqlal mücadiləsini davam etdirib. Məhəmmədəli bəy 19 aprel 1947-ci ildə Türkiyə vətəndaşlığına qəbul olunub. 1982-ci il fevralın 3-də İstanbulda vəfat edib, Qaraca Əhməd məzarlığında dəfn edilib.
Əldə edilmiş bu yeni sənədlər onun bioqrafiyasındakı bəzi məlumatların dəqiqləşdirilməsi baxımından əhəmiyyətlidir.
“Hərbi təşkilatın tezliklə qurulması...”
Türkiyənin daxili işlər naziri Şükrü Kayanın 6 iyun 1936-cı ildə Başvəkalətə Məhəmmədəli Rəsulzadə haqqında göndərdiyi məruzədə onun evində axtarış aparıldığı aydınlaşır. Sənəddə Məhəmmədəli bəy Azərbaycan Müsavat Firqəsinin və Milli Mərkəzinin rəisi Məhəmmədəmin Rəsulzadənin əmisi oğlu, həmçinin həmin partiyanın üzvü kimi göstərilib. Qaldığı ünvan kimi İstanbul - Laləli - Təyyarə apartmanları 34 saylı mənzil qeyd olunub. Evində axtarışın aparılması səbəbi olaraq isə Məhəmmədəmin Rəsulzadənin Berlində nəşr etdiyi “Qurtuluş” jurnalının Türkiyədə qadağan edilməsinə rəğmən paylanılması bildirilib: “Berlində azərbaycanlılar tərəfindən çıxarılan və nazirlər kabinetinin qərarı ilə ölkəmizə gətirilməsi qadağan edilən “Qurtuluş” jurnalının 11, 13, 14 saylı nömrələrini Aksaray poçtu vasitəsilə Qarsda Qurban Əliyə və Kiçik Çekmecedə Akifə göndərmək istədiyi müəyyən edilərək müsadirə olunmuş və evində aparılan axtarış zamanı həmin jurnaldan (qadağa tarixindən sonra nəşr edilmiş) daha 41 nüsxə, həmçinin Məhəmmədəmin tərəfindən ona göndərilmiş bir neçə məktub və Müsavat Firqəsi əleyhdarları tərəfindən (Azərbaycan Milli Türkçü Əməkçi Partiyası adı ilə) nəşr olunmuş bir partiya proqramı və Müsavat Firqəsinin İstanbul şöbəsi tərəfindən hazırlanaraq Parisdə Məhəmmədəminə göndərilmiş 14/12/1935 tarixli bir qərar surəti tapılmış, lakin məktublarda diqqətəlayiq hər hansı bir məqam görülməmişdir. Müsavat Firqəsinin İstanbul şöbəsi tərəfindən verilən qərarda isə (bir qurultay çağırılaraq partiya mərkəzinin müəyyən edilməsi, partiya proqramının dəyişdirilməsi və bu barədə bir bəyanat nəşri, bir broşür çapı və gələcək fəaliyyət üçün hazırlıq məqsədilə hərbi təşkilatın tezliklə qurulması) kimi məsələlərin partiya mərkəzinə təklif edildiyi anlaşılmışdır. Bu qərarı imzalayanlardan biri Məhəmmədəli Rəsulzadə olub, digərləri isə keçən il dil qurultayında bir hadisəyə səbəb olan universitet dosentlərindən Əhməd Cəfəroğlu və Azərbaycan Milli Mərkəzinin üzvlərindən Mustafa Vəkilov və Müsavat Firqəsinin keçmiş üzvlərindən Abbasqulu Kazımzadədir”.

Sənəddə evində axtarış aparılan Məhəmmədəli bəyin söylədiklərinə də yer verilib: “Məhəmmədəlinin ifadəsinə görə Azərbaycan milliyyətpərvərləri Müsavat Firqəsi ətrafında toplanaraq “Milli Azərbaycan Mərkəzi” adı ilə bir təşkilat quraraq fəaliyyətə başlamışlar; bu mərkəzin Məhəmmədəmin Rəsulzadə tərəfindən idarə edildiyi və 1934-cü ildə Brüsseldə keçirilən bir qurultay nəticəsində gürcülər və şimali qafqazlılarla birləşərək “Qafqaz Konfederasiyası”nı yaratdıqları, federasiyanın Ukrayna, Türküstan, Krım və İdil-Ural təşkilatları ilə də əlaqəsinin olduğu, lakin hələ onlarla tam birləşmədikləri, həmçinin Məhəmmədəminin polyaklardan ayda iki min lirəyə qədər yardım aldığı və hər ay bunun 50 lirəsini özünə, Abbasqulu Kazımzadəyə 30 lirə, Mustafa Vəkilliyə isə 70 lirə göndərdiyi, bu pulların Abbasquluya poçt vasitəsilə, Mustafa Vəkilli ilə özünə Polşa səfirliyinin hərbi attaşesi Dubiç vasitəsilə çatdırıldığı İstanbul vilayətindən alınan yazıdan anlaşılmışdır”.
Qadağan edilmiş açıqca
Daxili işlər naziri Şükrü Kayanın 23 oktyabr 1936-cı ildə Başvəkalətə göndərdiyi digər məruzə isə Məhəmmədəli bəyin çap etdiyi açıqca ilə bağlıdır:
“Azərbaycan Müsavat Firqəsinin üzvlərindən olub İstanbulda yaşayan Məhəmmədəli Rəsulzadə və yoldaşlarının son günlərdə açıqca (kartpostal) üzərinə Azərbaycanın əhali və təbii sərvətlərini göstərən bir xəritəni çap etdirərək azərilərə payladıqları haqqında məlumat alınmış və xarici siyasətimizə təsir edə biləcək bu kimi siyasi fəaliyyətlərə yol verilməməsi, həmçinin sözügedən açıqcaların Mətbuat qanununun 51-ci maddəsinə əsasən toplanması üçün Ümumi müfəttişliklərə və vilayətlərə göstəriş verilmişdir. Əldə edilən bu açıqcalardan bir nüsxə yüksək məlumat üçün əlavə olaraq təqdim olunur”.
Arxivdə Məhəmmədəli bəyin çap etdiyi həmin xəritənin surəti də verilib. Bu açıqcada Azərbaycanın ərazisi 94 min kv.km, əhalisinin sayı 3 milyon yarım göstərilib.
Cümhuriyyətin 20-ci ildönümü
Məhəmmədəli bəylə bağlı növbəti sənəd isə evində təşkil etdiyi bir toplantı ilə bağlıdır. Sənəddə qırmızı ordunun Azərbaycanı işğal etməsindən sonra Məhəmmədəli bəyin əvvəlcə Moskvaya getdiyi, daha sonra İrana keçərək oradakı azərbaycanlıları ruslar əleyhinə fəaliyyətə təhrik etdiyi bildirilib. Bu fəaliyyətinə görə onun İrandan çıxarıldığı, 1930-cu ildə Türkiyəyə gəldiyi, Bəyaziddə Təyyarə apartmanında kirayədə yaşadığı bildirilib. Eləcə də onun Varşavada fəaliyyət göstərən Azərbaycan Müsavat Xalq Firqəsinin nümayəndəsi olduğu, Polşa konsulluğu vasitəsilə Varşavadan ayda 50 lirə göndərildiyi ifadə edilib.
.jpg)
Sənəddən Məhəmmədəli bəyin evində Cümhuriyyətin 20-ci ildönümünün qeyd edilməsi anlaşılır: “Azərbaycan istiqlalının ildönümünü qeyd etmək məqsədilə Varşavada olan Məhəmmədəmin Rəsulzadə tərəfindən göndərilən 30 lirə ilə 28.5.1938 gecəsi Məhəmmədəlinin evində bir toplantı keçirilmiş, bir məclis təşkil olunmuş və toplantıya əlavə siyahıda adları qeyd olunan şəxslər qatılmışlar. Ölkəmizdə siyasi cərəyanlarla məşğul olan və vətəndaşlığı olmayan (haymatlos) vəziyyətdə olan bu şəxs haqqında araşdırma aparılmaqdadır”.
Cümhuriyyətin 20-ci ildönümü ilə bağlı keçirilən bu yığıncaqda sənədə görə aşağıdakı şəxslər iştirak ediblər:
Adı — Peşəsi
Əli – Maltəpə hərbi atış məktəbində müəllim.
Həsən – (eyni yerdə) təlimçi.
Məhəmməd – Hərbi tibb tələbəsi, № 513.
Baycan – (hərbi tibb tələbəsi) № 97.
Səlim oğlu Heydər – Fənn fakültəsinin tələbəsi.
Fəthullah oğlu Ağa – Tuhafiyəçi (xırdavat satıcısı).
Əhməd – Qapalıçarşıda səyyar zərgərlik satıcılarından.
Xalid – Salı bazarında, № 8, müəllim.
Əli Bəkir oğlu Xəlil – Tuhafiyəçi.
Əli – Azərilərdən olub, Boğaziçi boya fabrikində işləyir.
Cəfər – Haliçdə elektrik şirkətində mühəndis.
Hüseyn Mustafa – Bir il əvvəl Yaponiyadan ölkəyə gəlmişdir.
Əşrəf – Ankara qaz (telqaz) şirkətində xəzinədar.
Əli Usta – Kumkapıda, Havuzlu Cəli küçəsində.
Hüseyn – Azəri musiqiçilərindən
Məhəmməd – (eyni sahədə)
Ətrafda yaşayan qonşuların ailə üzvləri və uşaqları.
.jpg)
Bu şəxslər kimlərdir?
Hərbi tibb tələbəsi olaraq adıkeçən Baycan, yüksək ehtimalla həmin illərdə İstanbul Universitetində təhsil alan həkim, şair Alazan Baycandır.
Yaponiyadan ölkəyə gələn şəxsin adı Hüseyn deyil, Həsəndir, onun haqqında daha əvvəl məqalə yazmışıq.
Əli Usta isə Türkiyədə Əli Volkan kimi də tanınan nardaranlı şairdir. Onun haqqında da bir neçə dəfə yazmışıq.
Musiqiçilərdən Hüseyn Türkiyədə fəaliyyət göstərən Azərbaycan Türk Musiqi Heyətinin üzvü, tarzən Hüseyn Qasımov, Məhəmməd isə məşhur muğam ustadı Məşədi Məhəmməd Fərzəliyevdir.
Görünür, bu illərdə Türkiyədəki azərbaycanlı mühacirlər dövlətin sərt nəzarəti altında olublar. Çünki daxili işlər naziri Şükrü Kayanın 9 iyun 1936-cı il tarixli eyni məzmunlu bir məruzəsi də Cümhuriyyət nazirlərindən, həmin vaxt İstanbulda yaşayan Xosrov bəy Sultanzadə haqqındadır (Bu barədə növbəti məqaləmizdə yazacağıq).
Ehtimal ki, 1934-cü ildə imzalanan Qafqaz Konfederasiyası Paktından sonra Rusiya əleyhinə olan qüvvələrin güclənməsi Türkiyədə mühacirlərin fəaliyyətinə dövlətin diqqət göstərməsinə səbəbə olub.