BAKI, 4 iyun. TELEQRAF
“Dövlət dəstəkli APT (hədəflərilmiş qabaqcıl) hücumları sıradan bir haktivist fəaliyyəti deyil, onların arxasında birbaşa xarici xüsusi xidmət orqanları dayanır”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
Davud Rüstəmov bu növ təhdidlərin gizlilik və qalıcılıq xüsusiyyətlərinə diqqət çəkib:
"Bu hücumları törədənlər dövlətin kritik informasiya infrastrukturunu hədəf almaqda çox qərarlıdırlar və sistemdə uzunmüddətli qalıcılığı təmin etmək niyyətindədirlər. Onlar özlərini bəzi sıradan hakerlər kimi veb-səhifələri vizual olaraq dəyişdirməklə (deface) və ya Darknetdə nüfuz qaldırmaqla büruzə vermirlər. Beynəlxalq təcrübə göstərir ki, bu kimi mürəkkəb hücumlar bəzən yalnız 200-300 gündən sonra aşkarlanır".
Mərkəz rəisi əlavə edib ki, itici yaddaşda (RAM) özünü kopyalayan bu ziyanvericilər illərlə dövlətlərə külli miqdarda maddi ziyan vurur, strateji sənaye sistemlərini dayandırır və dövlət sirri təşkil edən həssas məlumatları ələ keçirirlər.
Davud Rüstəmovun sözlərinə görə, ənənəvi təxribat növlərinin artıq onlayn vasitələrlə həyata keçirilməsi fonunda Azərbaycan qanunvericiliyində, xüsusilə Cinayət və Cinayət-Prosessual məcəllələrində müvafiq addımlar atılıb və təxribat cinayətinin hüquqi miqyası genişləndirilib.
Mərkəz rəisi qeyd edib ki, Azərbaycan beynəlxalq kibertəhdidlərə qarşı tamamilə adekvat hüquqi və texniki addımlar atır:
"Milli Kibertəhlükəsizlik Mərkəzi olaraq fəaliyyətimizdə APT hücumlarının araşdırılması və kiberkriminalistika sahəsində ciddi təcrübəmiz var. Görülən işlər onlayn mühitdə törədilən cinayətlərə qarşı dövlətimizin hüquq-mühafizə orqanlarının hazırlıq səviyyəsini göstərir".
Davud Rüstəmov Azərbaycanın qlobal reytinqlərdəki sürətli irəliləyişinə də toxunaraq bildirib ki, bu yüksəliş sadəcə bir-iki beynəlxalq görüşün keçirilməsi ilə bağlı deyil: "Bu uğurun arxasında dövlətin və aidiyyəti qurumların böyük əməyi, həmçinin kiber məkanda göstərilən böyük fədakarlıq dayanır".