BAKI, 4 iyun. TELEQRAF
Azərbaycanda son illər ərzində həyata keçirilən qanunvericilik dəyişiklikləri, təşkilati işlər və texniki tədbirlər ölkəmizin beynəlxalq reytinqlərdə kəskin irəliləməsinə şərait yaradıb.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
Mərkəz rəisi Azərbaycanın qlobal indekslərdəki uğurlu dinamikasını rəqəmlərlə diqqətə çatdırıb: "Azərbaycan 2020-2021-ci illərdə beynəlxalq kibertəhlükəsizlik indeksində 86-cı yerdə qərarlaşmışdı. Görülən kompleks işlər, beynəlxalq əməkdaşlıq və çərçivə sənədləri sayəsində ölkəmiz əvvəlcə 52-ci yerə, yaxın günlərdə isə 31-ci pilləyə qədər yüksəldi. Bir cümlə ilə deyib keçirik, amma bu uğurun arxasında ötən 6 ildə görülən böyük əmək qüvvəsi dayanır".
D.Rüstəmov qeyd edib ki, hazırda üzərində işlənilən yeni layihələrin və hazırlanan qanunvericilik aktlarının reallaşmasından sonra Azərbaycan qlobal indeksdə ilk 20-liyə daxil olmağı hədəfləyir: "Buna çox ümidliyik, böyük ümidlərimiz var ki, bu strateji hədəfləri əldə edə biləcəyik".
O vurğulayıb ki, bu fəaliyyətlər əsasən ölkə infrastrukturunun "ürəyi" sayılan kritik informasiya infrastrukturunun qorunmasına, kibertəhdidlərə qarşı adekvat cavab tədbirlərinin görülməsinə və kiberkriminalistikanın effektiv təşkilinə yönəlib.
Onun sözlərinə görə, onlayn mühitdə süni intellektdən və İKT vasitələrindən istifadə etməklə törədilən kiber cinayətlərə, eləcə də təxribat xarakterli əməllərə qarşı mübarizə dövlətin hüquq-mühafizə orqanlarının yüksək hazırlığının əyani göstəricisidir.