BAKI, 4 iyun. TELEQRAF

"İsrail və Livan arasında son atəşkəs razılaşması genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasının qarşısını almağa imkan verir, lakin vəziyyət hələ də olduqca kövrəkdir".

Teleqraf xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kalas sosial mediada bildirib.

Onun sözlərinə görə, Livanda BMT Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı qüvvələrinin ölümü və davam edən yerli toqquşmalar əldə edilən razılaşmaların qeyri-sabitliyini və gərginliyin artması risklərinin qaldığını göstərir.

Kalas vurğulayıb ki, Hizbullahın yaratdığı təhlükənin uzunmüddətli azaldılması yalnız Livan dövlətini və onun qurumlarını gücləndirməklə mümkündür.

"Hizbullahın yaratdığı təhlükəni azaltmağın ən yaxşı yolu Livan dövlətini gücləndirmək və güc tətbiqi üzərində inhisarını bərpa etməkdir. Dövlət öz ərazisində güc tətbiqini tam nəzarətdə saxlamaq qabiliyyətinə malik olmadığı müddətcə qeyri-sabitlik və yenidən gərginlik riski qalır. Buna görə də Livan ordusuna və dövlət qurumlarına dəstək davamlı sülh üçün çox vacibdir", - deyə o bildirib.

Bu strategiyanın bir hissəsi olaraq, Avropa Birliyi Livan Silahlı Qüvvələrinin imkanlarını gücləndirmək üçün onlara əlavə 100 milyon avro ayırmaq qərarına gəlib.