BAKI, 4 iyun. TELEQRAF
“BMT-nin nəzdindəki təşkilatın çap etdiyi qlobal kibertəhlükəsizlik indeksində Azərbaycan layiqli şəkildə son üç il ərzində 86-cı yerdən 30-cu yerə — ABŞ, Cənubi Koreya və Yaponiya kimi nəhənglərin sırasına yüksəlib".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
O, qeyd edib ki, ölkəmizin reytinqdə birdən-birə 56 pillə qabağa gəlməsi Azərbaycanda güclü dövlət siyasətinin mövcudluğundan xəbər verir: "Müqayisə üçün deyim ki, təsnifata uyğun olaraq reytinqdə 30-cu yerdə Amerika Birləşmiş Ştatları qərarlaşıb, Azərbaycan isə 31-ci yerdədir. Biz Cənubi Koreya (33-cü yer) və Yaponiyanı geridə qoymuşuq. Bu, dövlət qurumlarının, elm və təhsil müəssisələrinin kompleks fəaliyyətinin göstəricisidir".