BAKI, 4 iyun. TELEQRAF
“Avstriyaya 25 oyunçu və 3 qapıçı ilə gəlmişik. Emil Balayev sabah qapıda olacaq. Müdafiədə Anton Krivotsyuk, Bədavi Hüseynov və Elvin Bədəlov, cinahlarda Qismət Alıyev və Elvin Cəfərquliyev oynayacaq. Orta xətdə Aleksey İsayev və Emil Səfərov olacaq. Hücumda isə Mahir Emreli, Toral Bayramov və Xəyal Nəcəfov yer alacaq”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Malta ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını qeyd edib:
“Bu, Millətlər Liqasından əvvəl son təlim-məşq toplanışımızdır. Ağır çempionat başa çatdıqdan sonra futbolçuların belə istəkli və inamlı olması bizi sevindirdi. Malta və San-Marino ilə yoldaşlıq görüşlərimiz olacaq. Belə oyunlarda həm nəticə, həm də yaxşı oyun göstərmək istəyirik. Məşqlər bizə bu inamı verdi. İnanıram ki, hər kəs başa düşür, bu, yoldaşlıq görüşü olsa belə, hər iki oyunda qalib gəlmək istəyirik. Oyunçularımdan rahat olmalarını gözləyirəm. Çünki çox dəyişiklik edə bilərik. İnanıram ki, sabah maraqlı oyun izləyəcəyik. Həm nəticə, həm də oyun baxımından bu təlim-məşq toplanışından yaxşı şeylər gözləyirik. Bilirsiniz ki, bundan əvvəl yalnız rəsmi oyunlarda bir araya gəlirdik, çünki birgə hazırlıq keçməmişdik. İndiki toplanışda nəticəni ikinci planda düşünmək olar”.
Mütəxəssis rəqiblərin gücündən də söz açıb:
“İstəyirdik ki, Avstriyadakı toplanışımızda rəqiblər bizə yaxın səviyyədə olsun. Oyunlar Macarıstanda keçiriləcək. Bəzi komandalar bura gəlməkdən imtina etdilər və ya öz ölkələrində bizimlə oynamaq istədilər. Yol yorğunluğunu nəzərə alaraq bu rəqiblərlə oynamağa razılaşdıq. Digər tərəfdən, San-Marino Millətlər Liqasında C Liqasındadır. Malta isə pley-offda məğlub olaraq D Liqasına düşdü. Millətlər Liqasında Litva və Lixtenşteynlə qarşılaşacağıq və onlara yaxın səviyyədə rəqiblərlə oynamaq lazımdır. Malta son illərdə yaxşı inkişaf edib. Bu oyunlarda biz də Millətlər Liqasındakı rəqibləri nəzərə alaraq hazırlıq keçəcəyik”.
Abbasov 11 ildə Azərbaycan millisinin Maltaya qalib gələ bilməməsinə də münasibət bildirib:
“Malta ilə son oyunlarda heç-heçə və ya məğlubiyyət qeydə alınıb. Bir az tərs rəqibdir. Buna baxmayaraq, bu oyunda daha inamlı çıxış edib qalib gəlmək istəyirik. Onlar da bu görüşdə qalib gəlməyə çalışacaqlar. Heyətlərində yaxşı hücum xəttinə malik, güclü çempionatlarda çıxış edən futbolçular var. İnanıram ki, maraqlı və sürətli oyun olacaq”.
Mütəxəssis Elvin Cəfərquliyevin durumundan da danışıb:
“Elvin Cəfərquliyevlə söhbətim olub. Həqiqətən böyük oyunlar üçün darıxıb. Çox istəyirik ki, özünə yeni klub tapsın. İnanıram ki, sentyabrda keçiriləcək rəsmi oyunlara qədər Elvin yeni klubunda oyun praktikasından əziyyət çəkməyəcək. Klubla futbolçu arasında olan məsələlərə milli komanda olaraq çox qarışa bilmərik. Amma inanıram ki, “Qarabağ”da Elvinin gələcəyini düşünərək ona yeni klub tapması üçün şərait yaradacaq. Çünki Elvin Cəfərquliyev Azərbaycan millisi üçün vacib oyunçudur”.