BAKI, 4 iyun. TELEQRAF
“Komandada ailə atmosferi var. Düşünürəm ki, sabah bizi maraqlı oyun gözləyir”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Emil Balayev Malta ilə keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
33 yaşlı qolkiper yenidən milliyə dəvət almasından danışıb:
“Üç il sonra yenidən millidə olmaq məni çox sevindirdi. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var, ailə atmosferi hökm sürür. Üç gün Bakıda məşq etdik, artıq dörd gündür Avstriyadayıq. Hazırlığımız yaxşı keçir”.
Balayev Şahrudin Məhəmmədəliyevlə rəqabətdən də söz açıb:
“Şahrudinlə rəqabət üçün darıxmışdım. Karyeram ərzində başqa qapıçılarla da rəqabət aparmışam, amma Şahrudin tamam başqadır. Biz bir-birimizi həmişə dəstəkləmişik. Elə olub ki, mən ‘Qarabağ’a yeni transfer olunanda millidə mən oynayırdım, o mənə dəstək olurdu. “Qarabağ”da o oynayanda isə mən ehtiyatda oturur, onu dəstəkləyirdim. Həmişə çox sağlam və dostcasına rəqabət aparmışıq. Həqiqətən, bu rəqabət üçün çox darıxmışdım. Başqa qapıçılar bir yana, Şahrudinlə olan münasibəti daha çox qardaş rəqabəti adlandırardım”.
Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan – Malta qarşılaşması iyunun 5-də baş tutacaq.