BAKI, 4 iyun. TELEQRAF

Azərbaycanda IV Milli Kibertəhlükəsizlik Forumu öz işinə uğurla başlayıb.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədr müavini Rauf Cabbarov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, forumda 1500-dən çox iştirakçı qeydiyyatdan keçib:

"Hazırda qapalı hissədə dövlət qurumlarının və özəl sektorun rəhbər şəxsləri iştirak edirlər. Forumda 10-dan çox ölkədən 40-a yaxın beynəlxalq ekspert, o cümlədən "CrowdStrike", "Huawei" kimi nəhəng şirkətlərin nümayəndələri təmsil olunur. Günortadan sonra isə açıq hissəyə mindən çox mütəxəssis və gənc qatıla biləcək".

Rauf Cabbarov qeyd edib ki, tədbir çərçivəsində "Huawei" şirkəti ilə əməkdaşlıq memorandumu imzalanacaq:

"Bununla yanaşı, Şərq Tərəfdaşlığı regionunda yeni layihələrə start vermək məqsədilə Gürcüstan, Ukrayna və Moldovanın CERT (Kiberinsidentlərə qarşı mübarizə mərkəzləri) rəhbərləri ilə çoxtərəfli memorandumun imzalanması planlaşdırılır".

Rauf Cabbarovun sözlərinə görə, nümayiş etdirilən rəqəmlər kiberhücumların sayında kəskin artım olduğunu göstərir:

"Gün ərzində yüz minlərlə hücum baş verir. Bu, əslində prosesin sadəcə görünən tərəfi, yəni aysberqin görünən hissəsidir. Görünməyən tərəfdə isə hücumların sayı dəfələrlə çoxdur. Bu səbəbdən forumda xarici ölkələrdən gələn təhdidlərin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayırmışıq".

Rauf Cabbarov bildirib ki, sərgi salonunda yerli şirkətlər özlərinin yerli kibertəhlükəsizlik və süni intellekt məhsullarını nümayiş etdirirlər:

"Gələcəkdə xarici İT asılılığından azad olmaq və bu asılılığı minimuma endirmək üçün yerli məhsul və xidmətlərin sayını mütləq artırmalıyıq. Biz kibertəhdidlərlə mübarizədə hər bir qurum ayrı-ayrılıqda yox, birgə, institusional şəkildə fəaliyyət göstərməli və vahid dövlət ekosistemi formalaşdırmalıyıq. Yeni yaradılmış Milli Kibertəhlükəsizlik Agentliyi də məhz bu baxımdan irəli atılmış növbəti mühüm addımdır".