BAKI, 4 iyun. TELEQRAF

“Dövlət qurumlarına qarşı törədilən bir sıra kiberhücumların məhz inanılmış tərəfdaşlar, podratçılar və ya xidmət göstərən şirkətlərin şəbəkəsinə sızmaqla həyata keçirildiyi müşahidə olunub”.

Teleqraf xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Baş idarə rəisinin müavini Tural Məmmədov IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

Tural Məmmədov son dövrlərdə ən çox rast gəlinən təhdidlərdən birinin "supply chain" (tədarük zənciri) kiberhücumları olduğunu bildirib:

"Ölkənin kibertəhlükəsizlik platforması yalnız ən zəif bəndinin təhlükəsizliyi qədər güclüdür. Milli təhlükəsizlik yalnız dövlət sirrinin qorunması ilə bitmir. Dövlətə xidmət göstərən hər bir özəl şirkət bu ekosistemin bir təhlükəsizlik subyektidir. Bu baxımdan, yeni yaradılmış Agentliyin özəl sektor şirkətlərinə müəyyən kibertəhlükəsizlik tələbləri qoyacağı istiqamətində böyük ümidlərimiz var".

İdarə rəisinin müavini rəqəmsal sərhədlərin qorunmasının vacibliyinə də toxunub:

"Milli kibertəhlükəsizlik ekosistemindən danışarkən milli rəqəmsal sərhəd anlayışını ön plana çəkməliyik. Dövlətin rəqəmsal sərhədlərinin qorunması dedikdə, aşkar edilmiş boşluqların və ya kiberhücum vektorlarının bütövlükdə ölkə ərazisi üzrə bloklanması nəzərdə tutulur. Bu istiqamətdə Dövlət Xidməti biz də "ASAN Net" şəbəkəsində mütəmadi bloklamaları və araşdırmaları həyata keçiririk".