BAKI, 4 iyun. TELEQRAF
“Azərbaycanda son 6 ay ərzində ölkə üzrə zərərli kontent yayan 2 000 resurs bloklaşdırılıb, 200 irimiqyaslı DDoS hücumu isə zərərsizləşdirilib”.
Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov məlumat verib. Nazir müavininin sözlərinə görə, hesabat dövründə həmçinin 1,5 milyondan çox informasiya sızıntısı faktı aşkarlanıb və 160 000 domen bloklaşdırılıb.
S.Əsədov qeyd edib ki, ötən dövr ərzində informasiya məkanının müasir təhdidlərdən qorunması məqsədilə Vahid Kibertəhlükəsizlik Platforması yaradılıb və hazırda özəl sektor da bu şəbəkəyə qoşulur: "Vətən müharibəsi dövründə, eləcə də COP29, Ümumdünya Şəhərsalma Forumu və digər beynəlxalq əhəmiyyətli tədbirlər çərçivəsində Azərbaycanın informasiya ehtiyatlarına qarşı yönəlmiş çoxsaylı kiberhücumların qarşısı aidiyyəti qurumlarla birgə kompleks tədbirlər nəticəsində uğurla alınıb".