BAKI, 4 iyun. TELEQRAF

Rusiyanın Ermənistandan yalnız bir xahişi var: mümkün qədər tez bir zamanda Aİ ilə bağlı referendum keçirilsin.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putin əlavə edib ki, Ermənistanda Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb.

"Bu qərar özlüyündə Ermənistanın hüququdur. Lakin Ermənistan Avrasiya İqtisadi İttifaqının bir hissəsidir və bunlar fərqli standartlardır. Rusiya Aİ və Avrasiya İqtisadi İttifaqının tarixi perspektivdə eyni standartlara sahib olmasını istəyərdi. O zaman bu, geniş iqtisadi məkan olardı. Lakin buna indi nail olmaq mümkün deyil", - Putin bildirib.

Rusiya Prezidenti Ermənistanı tezliklə referendum keçirməyə çağırıb: “Biz yalnız bunu istəyirik, xüsusən də Paşinyan özü bu yaxınlarda Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirilməsini zəruri hesab etdiyini bildirib. Bizim yalnız bir xahişimiz var: bunu mümkün qədər tez edin”.