“Son 3 il ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 360-a yaxın mütəxəssis hazırlanıb və onların 86 faizi artıq işə qəbul olunub”.

Teleqraf xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı məlumat verib.

Nazir müavini kibertəhlükəsizlikdə insan amilinin həlledici rol oynadığını və bu səbəbdən maarifləndirməyə xüsusi önəm verildiyini bildirib.

Saməddin Əsədovun sözlərinə görə, ötən dövrdə dövlət və özəl qurumlarda çalışan 120 kibertəhlükəsizlik mütəxəssisi təkrar hazırlığa cəlb olunub.

Həmçinin qeyd edilib ki, ölkə daxilində keçirilən 700-dən çox maarifləndirmə tədbiri nəticəsində təxminən 48 000 vətəndaş kibertəhlükəsizlik alətləri barədə məlumatlandırılıb və 653 təşkilatda kibermaarifləndirmə işləri həyata keçirilib.