BAKI, 4 iyun. TELEQRAF
“Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi portalının cari ilin may ayında açıqladığı nəticələrə görə dünya reytinqində 52-ci yerdən 31-ci yerə yüksəlib”.
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.
O qeyd edib ki, 12 sahə və 49 indikator üzrə aparılan qiymətləndirmə Azərbaycanın kibertəhdidlərə operativ müdafiə, institusional imkanlar və beynəlxalq əməkdaşlıq sahəsində nəzərəçarpan nailiyyətlər qazandığını göstərir.
"Bu nəticə dövlət başçısının rəhbərliyi altında kompleks şəkildə həyata keçirilən məqsədyönlü siyasətin göstəricisidir. Qarşıdakı dövr üçün əsas hədəfimiz Azərbaycanın regionun aparıcı kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilməsidir", - nazir müavini vurğulayıb.