BAKI, 4 iyun. TELEQRAF

Beynəlxalq çağırışlar son 5 ildə Azərbaycanın kritik informasiya infrastrukturları ilə bağlı normativ və müvafiq qanunvericilik aktlarında ciddi dəyişikliklər edilməsini vadar edib.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov IV Milli Kibertəhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, 1998-ci ildə qəbul olunmuş "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun bu sahədə baza rolunu oynayır və müasir tələblərə uyğun təkmilləşdirilir: "Aparılan islahatlar nəticəsində biz artıq qanunvericiliyə kritik informasiya infrastrukturlarının təhlükəsizliyi, kibertəhlükəsizlik xidmət provayderi kimi bazara daxil olan yeni aktyorları, həmçinin kiberinsidentlər və kibertəhdidlər kimi mühüm anlayışları gətirdik".

Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi vurğulayıb ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı son 6 ildə hüquqi, təşkilati və texniki səviyyələrdə mühüm nailiyyətlər əldə olunaraq müvafiq obyekt və subyektlərin siyahısı müəyyən edilib.

D.Rüstəmov qeyd edib ki, dünya təcrübəsinə uyğun olaraq bu siyahı məxfi saxlanılır və dərc olunmur: "Hazırda kritik informasiya infrastrukturu obyektlərinin dövlət reyestrinin aparılması, sahəvi nəzarətin təmin olunması və kibertəhdidlərə qarşı müdafiənin qorunması istiqamətində işlər uğurla davam etdirilir".