BAKI, 11 aprel. TELEQRAF

Taksi sürücüləri ilə bağlı tələblər çoxdur, Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalar qüvvəyə mindikdən sonra bu tələblər ortaya çıxdı.

Bunu Teleqraf-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, ümumilikdə tələblər taksi fəaliyyətini daha peşəkar şəkildə bir xidmət sahəsi kimi təşkilini özündə ehtiva edir:

"Amma qoyulan tələblər necə icra olunur, bu sahədə hansı problemlər var - bu kimi suallar insanları düşündürür və narahat edir. Qaydalar yazılıb, təsdiqlənib və demək olar ki, hər kəs hansı qaydaların olduğunu bilir. Bu qaydalara uyğun davranmamaq, onları pozmaq problem yaradır. Bu məsələləri tənzimləmək çətin deyil, həll etmək mümkündür. Bunun üçün də çox ciddi analizlərə ehtiyac var. Qabaqlayıcı tədbir olaraq birgə fəaliyyətə ehtiyac duyulur. Məsələn, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi birlikdə işləyə bilər.

Taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün yaş həddi 21 yaşdan başlayır, ən az 2 il sürücülük təcrübəsi olmalıdır. Məhkumluq olmamalıdır. Bundan sonra taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlər AYNA-da, sürücü təlim mərkəzlərində 5 günlük təlim keçməlidirlər. DİM-də imtahan verməlidirlər və sertifikat almalıdırlar. Həmçinin narkoloji dispanserdən keçməlidirlər, sağlamlıq arayışı təqdim etməlidirlər. Daha sonra taksi buraxılış vərəqəsi alaraq kiçik sahibkar kimi vergi uçotuna daxil olmalıdırlar. Bu qeydiyyat məsələlərindən sonra taksi sürücüsü olmaq olar".

Elməddin Muradlı bildirib ki, taksi xidmətində bəzi neqativ hallar var və bu, prosesə ciddi təsir göstərir.

"Həkimdən müəyyən yollarla arayış əldə edə bilmək görülən bütün işlərin üstündən sanki bir xətt çəkir və bütün prosesi ləkələyir. Bu sahədə təəssüf ki, bazar hökm sürür. Bu isə ciddi narahatlıq doğurur. Səhiyyə Nazirliyi məsələyə daha ciddi yanaşsa, bunların qarşısını almaq olar və həmin məsələlər tənzimlənər. Narkoloji dispanserlər bildiyim qədəri ilə əvvəllər ciddi yanaşırdılar. Lakin indi necə yanaşdıqları sual altındadır.

Dünənki hadisədən sonra kimsə buna risk etməməlidir. Bu hadisədə ölüm halı baş vermədi, amma növbəti hadisə ölümlə nəticələnərsə, onda kim, necə cavab verəcək?! Buna görə də sağlam olmayan adama sənəd verməsinlər. Bu, gec-tez onların özlərinə də ziyandır, belə taksi sürücüsü onların özlərinin və yaxınlarının da qarşısına çıxa bilər", - ekspert əlavə edib.

AYNA-dan Teleqraf-a verilən açıqlamada isə bildirilib ki, taksi fəaliyyəti göstərmək üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:

"Sürücü narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatları mütləq qaydada təqdim etməlidir. Həmin sənədlər olmadığı təqdirdə daşıyıcılar icazə üçün müraciət edə bilməzlər. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar sürücülərin reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlər. Hüquqi şəxslər və ya fərdi sahibkarlar sürcülərin tibbi müayinəsi üçün tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalayaraq fəaliyyət göstərir. Qeyd olunan şərait bəzi daşıyıcılar tərəfindən parklarda da yaradılır".

Qeyd edək ki, aprelin 10-da günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində, körpü üzərində taksi avtomobili "uçuş"u xatırladan qeyri-adi qəza törədib.

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-da saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü Anar Nəcəfovun müalicəsi davam etdirilir.