
BAKI, 12 aprel. TELEQRAF
Burun əməliyyatı keçirən Bakı şəhər sakini Aişə Nəsibli "AFA studio" gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsiylə müraciət edib.
Aişə Mahmudalı qızı Nəsibliinin üz nahiyəsinə "Afa studio"da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma ilə bağlı izahat verən Aişə Nəsibli bildirib ki, 2024-cü ilin aprel ayında adını dəqiq xatırlamadığı klinikada burun nahiyəsində estetik əməliyyat etdirib: “Əməliyyatdan sonra heç bir problem olmadı. 2024-cü il iyun ayının sonunda Nəsimi rayonunda yerləşən “Afa” gözəllik salonuna getdim, Afaq adlı kosmetoloqa üz nahiyəmi botoks etdirmək istədiyimi bildirdim. Afaq mənim alın, qaş arası və göz ətrafı nahiyələrimə botoks etmək lazım olduğunu söylədi, bunun müqabilində məndən 70 manat pul istədi.
Afaqa təzəlikcə burnumda estetik əməliyyat aparıldığını dedim. O isə vurulan botoksun burun əməliyyatına heç bir aidiyyəti olmadığını bildirdi. Həmin gün Afaq üz nahiyəmə botoks vurdu, burnumun ətrafına isə heç bir müdaxilə olunmadı”.
Şikayətçi qeyd edib ki, təxminən 1 ay sonra korreksiyaya gedəndə burnunun ətrafında şişkinlik hiss edib və bunu Afaqa deyib:
“Afaq həmin nahiyədə şişkinliyin qalması etimalının olmadığını bildirdi. Avqust ayının ortalarında burnumun ətrafında olan şişkinlikdən dəri cırılması baş verdi, qan axmağa başladı. Zəng edib Afaqdan kömək istədim. O, botoks elədikdən sonra başqa yerdə dolğu etdirdiyimi, dəri cırılmasının ona heç bir aidiyyətinin olmadığını, şər-böhtan atdığımı dedi. Halbuki mən kosmetoloqun yanında üz nahiyəmə botoks etdirdikdən sonra heç bir kosmetoloji prosedura getməmişdim”.
Aişə Nəsibli izahatında hazırda şikayətinin "Afa" gözəllik salonunda işləyən Afaq adlı kosmetoloqdan olduğunu, oradan sonra heç bir kosmetoloji mərkəzə və klinikaya müraciət etmədiyini, ona 10.000 manata yaxın maddi-mənəvi ziyan dəydiyini göstərib.
Barəsində şikayət olunan Afət Şamilova bildirib ki, 2020-ci ildən onun "Afa studio" gözəllik salonu fəaliyyət göstərməyə başlayıb: “2024-cü ilin may ayında Aişə Nəsibli işlədiyim salona gələrək alın nahiyəsini botoks elətdirmək istədiyini bildirdi. Alın nahiyəsinə baxdıqdan sonra botoks edə biləcəyimi dedim və qarşılığında 60-70 manat pul istədim. Aişə razılaşaraq pulu ödədi, onun alın nahiyəsini botoks etdim. Botoksdan sonra Aişə mənə burun əməliyyatı olduğunu və burnuna dolğu vurmaq istədiyini bildirdi. Əməliyyat olunmuş burun nahiyəsinə dolğu vura bilməyəcəyimi bildirdim. Bundan sonra Aişə getdi”.
Afət Şamilovanın sözlərinə görə, təxminən 25 gün sonra Aişə Nəsibli korreksiyaya gəlib: “Alın nahiyəsində qaşın biri yuxarı dartılmışdı. Həmin yerə botoks vuraraq qaşı normal vəziyyətə gətirdim. Telefonla əlaqə saxlayanda Aişə hər şeyin yaxşı olduğunu bildirdi. Sentyabrın əvvəlində zəng edərək burun nahiyəsində sızanaq çıxdığını, bunun botoksdan sonra əmələ gəldiyini dedi. Yanıma dəvət etdim, amma gəlmədi. Burun nahiyəsində sızanağın botoksdan əmələ gəlmək etimalının olmadığını izah etdim. Aişə Nəsiblidən tələb etdim ki, burun nahiyəsində olan sızanağın botoksdan əmələ gəldiyini sübut edən sənəd təqdim etsin. Aişə heç bir sənəd göstərmədi. Təxminən 1 ay sonra mesaj yazaraq burun nahiyəsində çürümə getdiyini və bunun botoksdan əmələ gəldiyini dedi”.
Afət Şamilova izahatında Aişənin alın nahiyəsinə vurulan botoks nəticəsində çürümə və digər fəsadların mümkün olmadığını bildirib. O, izahatında 2019-cu il tarixdən 2024-cü ilin oktyabr ayının sonuna kimi "Afa studio" gözəllik salonunda lisenziyasız fəaliyyət göstərdiyini qeyd edib.
Araşdırma nəticəsində Aişə Nəsiblinin "Afa studio"da Afaq Şamilova adlı kosmetoloq tərəfindən düzgün müayinə edilməməsində cinayət tərkibi olmadığı müəyyən edilib.
Toplanmış material üzrə CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilib.
Aişə Nəsibliyə dəymiş maddi və mənəvi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilib.
Rəsmi sənədlərə görə, Afət Şamilovanın kosmetoloji fəaliyyətlə məşğul olması üçün lisenziyasının olmadığı müəyyənləşib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilib.
Aişə Nəsiblinin sözlərinə görə, Nəsimi rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Vüqar Quliyev bu məsələyə 2 dəfə baxsa da, yenə də cinayət işi açılmayıb:
"Prokurorun verdiyi bu qərara görə heç bir həkim məni öz üzərinə götürmür. Məsələ ilə bağlı cinayət işi açılmır. Buna görə də mən aylardır bu vəziyyətdə qalmışam. Həkimlər onların üzərində qalmasın deyə məni qəbul etmirlər. Heç bir həkim məsuliyyət daşımaq istəmir. Onlar bunu kimin etdiyinin təsdiqlənməsini və ondan sonra məni qəbul edəcəklərini deyirlər".
Qeyd edək ki, ötən ilin dekabr ayının 29-da cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, A. Nəsibli tərəfindən həmin qərardan şikayət edilib.
Cinayət-Prosessual Məcəlləsinin 449-451-ci maddələrini rəhbər tutaraq cari ilin fevral ayının 3-də məhkəmə şikayətin təmin edilməsi qərarı qəbul edib. Nəsimi rayon prokurorunun böyük köməkçisi Quliyev Vüqar Nazim oğlu tərəfindən 29 dekabr 2024-cü il tarixdə qəbul edilmiş "Cinayət işinin başlanmasının rədd edilməsi" haqqında qərar qanunsuz hesab olunaraq ləğv edilib.