BAKI, 11 aprel. TELEQRAF

Hər iki valideyni 1992-ci ildə erməni quldurlarının Xocalı şəhərində törətdiyi soyqırımda şəhid olmuş iş adamı Tofiq Əzimov “Bakı Abadlıq Xidməti”ndən narazıdır.

Teleqraf xəbər verir ki, o, işğaldan azad edilmiş ərazilərdə iş gördüyünü, amma haqqını ala bilmədiyini deyir.

T.Əzimovun sözlərinə görə, “Bakı Abadlıq Xidməti”nin sədr müavini borcu təsdiqləsə də, pul hələ də ödənməyib: “Verilən vədlərə əməl edilməyib. Bu həftə ödənilməli olan məbləğ ödənilmədi. “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov tapşırıq verib ki, pozulmuş hüquqlarım bərpa olunacaq. Buna baxmayaraq, 14.000 manatımı ala bilmirəm”.

Teleqraf məsələ ilə bağlı “Bakı Abadlıq Xidməti”nə sorğu verib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Xocalı şəhəri və Xocavənd rayonunun bərpası, yenidən qurulması layihəsində “Bakı Abadlıq Xidməti” ilə müqavilə bağlamış, söküntü işləri ilə məşğul olan podratçı şirkətin rəhbəri Tofiq Əzimovun ilkin mərhələnin tamamında müəyyən borclarının yaranması ilə bağlı müraciətinə ötən il dekabrın 9-da baxılıb.

“Sənədlərdə qeyd edilmiş müddətlərə rəğmən, biznes fəaliyyətinə yeni başlayan xocalı sakininin problemi nəzərə alınmaqla, podratçı şirkətin gördüyü işlərin qarşılığı olaraq ödəniş bütünlüklə həyata keçirilib. Hazırda Tofiq Əzimovun qeyd etdiyi “qalıq” məbləğ isə “Bakı Abadlıq Xidməti” ilə öncədən razılaşdırılmayan, əlavə fəaliyyətin dəyərləndirilməsi kimi təqdim edilir. Belə ki, söküntü zamanı digər qurumla şifahi razılaşma əsasında görülən işin heç bir rəsmi sənədləşmədə təsdiqi yoxdur”, - “Bakı Abadlıq Xidməti”ndən bildirilib.

Qurumdan əlavə olunub ki, bu səbəbdən qeyd olunan 14 min manatlıq məbləğin ödənilməsi mümkün deyil: “Tofiq Əzimov, ilk növbədə, iddia etdiyi fəaliyyət növünü təsdiqləyən sənədləri təqdim etməlidir.

Belə bir sənəd olmadan Tofiq Əzimovun qeyd etdiyi məbləğin ödənişi mümkün deyil. Bu məsələni ictimailəşdirən hər kəsə dəfələrlə eyni rəsmi cavabı təqdim etmişik. Qəribədir ki, məhkəməyə müraciət etmir”.