
BAKI, 11 aprel. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonu, Almalı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Səxavət Rəcəb oğluna məxsus quşçuluq təsərrüfatında yoxlama keçirib.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı quşçuluq təsərrüfatında sanitariya norma və qaydalarının, gigiyena tələblərinin pozulduğu, həmçinin baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, müvafiq təmizlik işlərinin aparılmadığı, quşların planlı şəkildə kliniki və laborator müayinələrdən keçirilmədiyi, baytarlıq nəzarəti tədbirlərinin görülmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlıqlar üçün yuma sahələrinin olmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi və xüsusi geyimdən istifadə etmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.