
BAKI, 11 aprel. TELEQRAF
Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 90 saylı körpələr evi-uşaq bağçasının həyətində sahibsiz itlər məskən salıb.
Teleqraf-ın xəbərinə görə, vəziyyət iki aya yaxındır belədir, küçə itlərini həyətdən uzaqlaşdırmaq mümkün olmur.
Bağça direktoru və valideynlər Bakı Şəhər İcra Hakimiyyətinə, bələdiyyəyə müraciət etsələr də, heç bir nəticə hasil olmayıb.
Valideynlərdən birinin sözlərinə görə, rəsmi qurumlara 1 aydan çoxdur müraciət edilib:
“İki aya yaxındır bağçanın həyətində itlər məskən salıb. İki-üç it daim bağçanın həyətindədir, qalan itlər gəlib-gedir. Dörd yaşında körpəm həmin bağçaya gedir, biz narahatıq. İtlərdən ehtiyat edən müəllimlər uşaqları həyətə çıxara bilmirlər. Biz valideynlər Bakı Şəhər İcra Hakimiyyətinə, bələdiyyəyə müraciət etsək də, problemlə maraqlanan yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə zəng etmişdim, məni “Toplan” sahibsiz itlərə qayğı mərkəzinə yönləndirdilər. “Toplan”a müraciət etdik və qeydiyyata götürdülər. Bizimlə əlaqə saxlayacaqlarını və gəlib itləri aparacaqlarını dedilər. Lakin əlaqə saxlayan və gələn olmadı”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı araşdırma aparılacağı, problemin tez bir zamanda həll olunacağı bildirilib.