
BAKI, 11 aprel. TELEQRAF
“2015-ci il bizim sınma ilimiz oldu. Uğurlu işlər qısqanılır, bu normaldır. Ancaq şəxsi qısqanclıq bu böyük layihənin sınmasına səbəb oldu”.
Teleqraf xəbər verir ki, bu sözləri əməkdar jurnalist Xoşqədəm Hidayətqızı “Səni axtarıram” proqramının 15 illiyinə həsr olunan tədbirdə deyib.
O bu illər ərzində verliş vasitəsiylə yüzlərlə insanın öz doğmalarına qovuşduğunu vurğulayıb:
“Bu gün sizlərin qarşınında “Səni axtarıram”ın hesabatını verirəm. Böyük bir yol gəlmişik, inana bilmirəm ki, 15 il keçib. “Səni axtarıram” birmənalı qəbul edilməyən bir verliş olub. Verlişi böyük sevgi və enerji ilə yaratmışdım. Sonrakı savaşlar məni bir az sındırdı. Verliş yarandığı gündən reytinq cədvəlində birinci oldu. Bütün tamaşaçıları, xarici ölkələrdəki azərbaycanlıları ekran qarşısına topladı. 2015-ci ildən sonra bəzilərinizin istədiyi “Səni axtarıram” ı yarada bildim”.
X.Hidayətqızı verlişə dəstək olan hər kəsə təşəkkür edib: “Bu gün “Səni axtarıram” yenə də zirvələrdədir. 15 il ağır yol gəldik, bizi dəstəkləyənlər də çox oldu. Bu illər ərzində yüzlərlə insanı qovuşdurmaqla, minlərlə insanın həyatında iz buraxdıq. Verilişimdə ekspert qismində ölkənin ən məşhur akademikləri, alimləri, professorları iştirak etdi. 2 mindən çox könüllü üzvümüz, illərlə mənimlə birlikdə olan, yorulmadan bizə kömək edən insanlar var. Hər kəsə minnətdaram”.
Qeyd edək ki, verliş 2010-cu ildə "Sən tək deyilsən" verilişində yayımlanan "Səni Axtarıram" adlı rubrika vasitəsilə doğmalarını itirən insanların axtarışına başlayıb.