
BAKI, 11 aprel. TELEQRAF
“Mən “Bolt” şirkətindən taksi sifariş etdim. Avtomobilə əyləşdim və beş dəqiqə keçmişdi, sürücü pis səslər çıxarmağa başladı, ağzını əyir və qışqırırdı. Qışqıran zaman ayağını qaza basdı, "tormoz" vermədi. Bir də gördüm ki, avtomobil körpüyə çarpıldı”.
Bunu Teleqraf-a ötən gün Heydər Əliyev prospektində qeyri-adi yol-nəqliyyat hadisəsində xəsarət alan sərnişin Sevda Həşimova deyib.
O, avtomobildə tək sərnişin olduğunu bildirib: "Mən tək idim, sürücü mənə qarşı aqressiv davranmadı. Mən taksini “Bakmil” metrostansiyasının yaxınlığında, Taxta Zavodundan sifariş etmişdim. Sürücünün narkotik maddənin təsiri altında olması mümkündü. Amma mənimlə davranışı normal idi. Davranışını tam müşahidə edə bilmədim, bu barədə nəsə demək çətindir, çünki elə bir uzaq məsafə getmədik. Bir də gördüm ki, uçuram”.
Qəzada xəsarət alan Sevda Həşimova səhhətinin yaxşı olduğunu deyib: “Bir az ağrılarım var, ümumilikdə səhhətim normaldır”.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verib.
Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edən “Bolt” şirkətinin sürücüsü Anar Nəcəfov kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıblar.