
BAKI, 11 aprel. TELEQRAF
Zahid xan Xoyski Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın oğludur. Hüseynqulu xan 22 sentyabr 1870-ci ildə Gəncədə doğulub. O, Gəncə valisinin köməkçisi işləyib. Çar ordusunda göstərdiyi xidmətlərə görə müxtəlif ordenlərlə (3-cü dərəcəli müq. Stanislav, 3-cü dərəcəli müq. Anna, 2-ci dərəcəli müq. Stanislav, müq. Aleksandr Nevski) təltif olunub. Gəncədə yaşadığı müddətdə ictimai-siyasi həyatda fəal iştirak edib. 1917-ci ildə Bakıda toplanan Qafqaz Müsəlmanları Qurultayına qatılıb. Bolşeviklərin Azərbaycanı istilasından sonra Türkiyəyə mühacirətə gedib. Hüseynqulu xan 1955-ci ildə İstanbulda vəfat edib, Fəriköy məzarlığında dəfn olunub.
Zahid xan Hüseynqulu xan oğlu Xoyski 25 sentyabr 1910-cu ildə Gəncədə doğulub. Anası Cavad xanın nəslindən olan Əbülfət xanın qızı, ana tərəfdən Fətəli şah Qacarın nəvəsidir. Fətəli xan və Rüstəm xan Xoyskilər onun əmiləridir.
Zahid xan da 1920-ci il Gəncə üsyanında olub. Ailəlikcə həbs ediliblər. Ailə 1921-ci ildə Batuma, oradan İstanbula gedib. Valiyə xanım Zahid xanın böyük bacısı, Gəncə üsyanının başçılarından Cahangir bəy Kazımbəylinin həyat yoldaşıdır. Zahid xan ailəsi ilə 1930-1944-cü illərdə Varşavada bacısı Valiyə xanımgildə yaşayıb. Onlar Varşava xəstəxanasındakı alman əsiri azərbaycanlılara hər cür yardımda bulunublar. Sovetlər 1944-cü ildə Varşavaya girərkən Zahid xan ailəsi ilə Almaniyaya, 1945-ci ildə Avstriyanın Tirol şəhərinə köçüblər. Müharibədən sonra İtaliyada yerləşiblər. Romada Cahangir bəyin evində qalıblar. Cahangir bəy öz mənzilində Azərbaycan Yardım Komitəsini təşkil edib. Komitə Roma ətrafındakı ingilis düşərgəsində bulunan və sovetlərə təslim ediləcək 100-dən çox azərbaycanlı əsirin xilasına çalışıb. Komitənin bu məqsədlə Misir kralı Faruka müraciətindən sonra 1947-ci ilin noyabrında şahzadə Əmir İbrahim Romaya, Cahangir bəygilə gəlib, ingilislərlə danışıq aparıb. Nəticədə, ingilislər gizlicə azərbaycanlı əsirləri qatara mindirərək, Neapol limanına göndərib. Zahid xan şəxsən şahzadə Əmir İbrahim ilə Qahirəyə gedərək, bu xeyirxahlığına görə Azərbaycan Komitəsi adından kral Faruka minnətdarlıq bildirib.
Komitə Stalinə təslim olunacaq (təbii ki, bununla da həyatları məhv ediləcək) ingilis əsiri azərbaycanlıları xilas etməkdən ötrü Valiyə xanımı təyyarə ilə İstanbula göndərib. Valiyə xanım Romaya qayıdarkən içində onun da olduğu təyyarə 26 noyabr 1947-ci ildə Yunanıstan (Afina) üzərində dağa çırpılaraq məhv olub və Valiyə xanım da burada həyatını itirib.
1951-ci ildə Zahid xan xanımı və yeddi yaşlı qızı ilə birgə Neapol ətrafındakı Bagnoli düşərgəsində uzun müddət qaldıqdan sonra Amerikaya getməyə icazə ala bilib. 7 noyabr 1951-ci ildə Nyu-Yorka gəliblər. Burada Polşa Komitəsi onlara yardımçı olub. İki ildən sonra Zahid xan hökumətin hərbi təyyarə zavodunda mühəndis kimi işə düzəlib. Daha sonra bir nəqliyyat şirkətində agent kimi çalışıb.
Zahid xan Xoyski 2001-ci ildə Nyu-Yorkda vəfat edib.
Zahid xanın iki məktubu
1990-cı illərin dövri mətbuatında Zahid xan Xoyskinin iki məktubu dərc edilib. Qohumu Fəridə xanıma yazdığı məktubunda həm mövcud siyasi hadisələrdən bəhs edib, həm də ailə keçmişindən bəhs edib:
“Yolda çoban itləri tərəfindən yaralandılar”
“Çox əziz olan nənəmin nəvəsi Fəridə xanım!
… 1918-ci ildə Azərbaycan istiqlalı bütün dünyaya bildirdiyi zaman daha 17-ci ildə Gəncədə atam Hüseynqulu xan Gəncə məktəb tələbələrindən “Zelyonnaya qvardiya” adında əsgəri bir qüvvət hazırlamışdı. 1918-ci ildə Gəncədə milli qoşun hazırlandı, bunu sovet hökuməti eyləmədi… İndi bir ovuc erməni qüvvəti 6-7 milyon Azərbaycan xalqının torpağını alır, arvad-kişi, uşaqların başını kəsir, istədiklərini eyləyirlər. Atalar sözüdür: “Bir dəli quyuya daş atır, yüz ağıllı adam yığılır o daşı çıxardammırlar…” İndi iş ancaq Allaha qaldı.
Fəridə xanım!
Ananız Fatma xanımı və atanız Həsən bəyi çox yaxşı xatırlayıram. Təbii, dayılarınız Mahmud bəy və Əhməd bəy də çox yaxşı xatirimdədir. Əhməd bəy mənim qardaşım İsgəndər xanın yoldaşı və bizim evdə daima biz uşaqlarla bərabər idi. 1918-20-ci ildə Əhməd bəy poruçik çinində 3-cü Gəncə polkunda zabit idi. Sovetlərin istilasından sonra 22 may 1920-ci ildə Gəncə xalqı və Gəncədə duran əsgəri polk bacım Valiyə xanımın əri, polkovnik Cahangir bəy sovetlərə qarşı üsyan qaldırdı. Əhməd bəy Cahangir bəyin ikinci adyutantı idi. Tarixdə məşhur olan Gəncə üsyanında Əhməd bəy Cahangir bəylə bərabər at üstündə on dörd gün durmadan sovetlərlə vuruşdu və nəhayət, 4 iyun 1920-ci ildə gecə vaxtı bizim ailə, bir çox əsgərlər, zabitlər və Əhməd bəy Gəncəni tərk etdik… Yolda başımıza çox əngəl düşdü. Bunun üzərində Cahangir bəy və Əhməd bəylə birlikdə bizdən ayrıldılar. Və dağlıq yollarla Gürcüstana getdilər. Onlar da yolda çoban itləri tərəfindən yaralandılar.
Anam iki paket qızıl və mücəvhərat onlara verdi ki, Tiflisdə olan atama versinlər. Fəqət yolda çobanlar bu iki torbanı onlardan alır. Özlərini yaralı buraxdılar.
1921-ci ildə İstanbulda hamamda Əhməd bəy intihar etdi. Nədən? Bu haqda ayrıca yazacağam. Mahmud bəy Azərbaycan əsgəri ştabında zabit idi. Sovetlər Bakıya girdikləri zaman Qarabağda idi. Oradan İrana keçir, İstanbula gəldi, bir müddət bizdə qaldı. Sonra Almaniyaya getdi. Oradan dönüb yenə də bizdə yaşadı. Sonra İzmirə getdi… Orada vəfat etdi.
Mən 1917-1918 və 1920-ci illədə olan şeylərin canlı tarixçəsiyəm. 1930-cu ildə İstanbulda lisey diplomu alıb, Polşaya getdim və orada mühəndis diploması aldım, 1935-ci ildə. 1939-1945-ci illərdə (6 il) Varşavada atəşlər altında bacım Valiyə xanım və uşaqları ilə bərabər qaldıq. Cahangir bəy Polşa ordusunda diviziya komandiri idi. 1939-cu ilin sentyabr ayının sonunda almanlara əsir düşdü… Valiyə xanım təyyarə qəzasında vəfat etdi…
Gəncədəki bizim çox böyük evimiz, iki böyük bağımız, buzxana, ta Sərdar bağından tutmuş İsmayıl bəyin iki qatlı kərpic evindən və qəbirsanlığa gedən yolla ta sizin rəhmətlik baban Həsən bəyin evinin yanından keçərdi. İndi o torpağımızda yeni evlər tikilmiş, böyük məktəb tikilmiş. Yaxşı evlər, məktəb, Gəncə hökumətinin, amma torpaq bizimdir. Çox böyük mülkümüzü sovet hökuməti aldı. İndi sovet hökuməti qalmadı, normal, demokratik cümhuriyyəti heç olmasa 72 il bu torpaqların yerinə bizə onun az-çox qiymətini verməlidirlər. Bilmirəm, bu haqda yeni bir qanun varmı? Qəzetələrin yazdığına görə Rusiyada prezident Yeltsin “privatizasiya” qanunu çıxarmaq istəyir… İndiyə qədər mən bilmirəm, sovet dövründə Gəncədə filan xalq öz evlərindəmi, yoxsa bütün ev-eşik hökumətin malımı sayılırdı.
Əzizim Fəridə!
Mən çoxdan bəri vətənə gəlmək istəyirdim. Fəqət səhhətim və ümumrahatsızlıqlar, üstəlik mali vəziyyət buna mane olmuşdur. Bilxassə, uşaqlıqdan Hacıkəndini çox sevirdim. Evimiz, toprağımız, küçəyə boru ilə gecə-gündüz kəhriz suyu axardı. O suyun adı “Xan bulağı”. İllərdən bəri daima Allaha dua edirəm, o bulaqdan mənə su içməsini qismət eləsin. Kim bilir, bəlkə, böyük Allah duamı qəbul edir, o günü mənə verəcək…
Fəridə, yazmışdınız ki, Hacıkənddə evimiz durur. Çox şad oldum. Şübhəsiz, o evi geri almaq istəyirəm. Fəqət buna necə şərt-filan lazımdır. İlk məktubumda yazmışdım. Babam İsgəndər xan özü daha həyatda ikən Gəncədəki böyük evini, Hacıkənddəki daçasını, böyük Kürəkbasan mülkünü, malını-pulunu üç oğluna vəsiyyət etdi.
İndi qısaca özüm haqqında: arvadım poloniyalı, adı Tais, məşhur Koçubəy ailəsindən. Bir qızım var. İsmi Ürkanə-Zərifə. Onun iki qızı var. Ameliya və Cilair (demək ki, iki nəvəm var). Ameliya evli, amerikalı. Bir dörd yaşında oğlu və dörd aylıq qızı (demək ki, iki ulu nəvəm var). Arvadımın xəstəliyi və bu üzdən varım-yoxum… İndi çox ağır mali vəziyyətdəyəm. Doktorlar, ilaclar burda insanı təmiz soyur. Amerikada həyat sizin zənn etdiyiniz kimi deyil. Məktubunuzu gözləyirəm. Öz ailəniz haqqında yazın.
İndilik xoş qalın, məktubunuzu bəklərim.
Sizi qucaqlar, öpərəm.”
P.S. Vətənin ümumi durumu haqqında yazın. Burada Azərbaycanın səfiri və Millətlər Birliyində daimi müməssili var. Mən onlarla bəzən telefonla danışıram, evimiz mərkəzdən çox uzaq. İki dəfə avtomobil qəzası keçirdim, ona görə uzaq yola çıxmağa qorxuram.
P.S. Fəridə, əgər Hacıkənddəki evimiz haqqında məndən lazımlı bir şərt-filan varsa, zəhmət çəkib soruşun və mənə bildirin”.
***
“Xan, bu xəbər doğrudurmu?”
Zahid xanın mətbuatda dərc olunan digər məktubu isə mərhum tədqiqatçı Mövsüm Əliyevə ünvanlanıb:
“Çox hörmətli Mövsüm bəy Əliyev!
“Odlar yurdu”nda əmim Rüstəm xan haqqındakı yazıya bilsəniz nə qədər şad və xoşhal oldum, çox sağ olun! Nəhayət, Sizdən əmim haqqında həqiqəti öyrəndim, lakin rəhmətlik atamın sağlığında eşitdiyimə görə əmim Rüstəm xan 1922-25-ci illərdə Bakıda güllələnibdir. Allah millət və istiqlal yolunda ölənlərə rəhmət, eləsin. Amin!
Ümidvaram ki, Azərbaycan milləti 28 mayın ildönümünü təntənə ilə qeyd edəcəkdir. O illər Tiflis və Gəncədə cərəyan edən hadisələrin canlı şahidi mənəm. 1918-ci il mayın 26-da Gürcüstanın Seymdən ayrılması münasibətilə Tiflisə gələn Azərbaycan heyətinin sədri, rəhmətlik Fətəli xan mayın 28-də axşam Gəncəyə zəng vurub atam Hüseynqulu xana telefonda dedi: “Dadaş, (Fətəli xan atama, dayıma “dadaş” deyərdi) biz bu gün Azərbaycanın istiqlalını elan etdik, bu günlərdə hökumət Tiflisdən Gəncəyə gələcək, lazımi hazırlıqları edin”.
Atam dərhal ən yaxın dostu və qardaşımın kirvəsi Dr. Hidayət bəyə və Gəncə şeyxülislamına bu böyük müjdəni çatdırdı. Ertəsi Gəncə xalqı küçələrdə şənlənir, bir-birini təbrik edirdi. Atamın telefonunda isə bu sual neçənci dəfə idi ki, səslənirdi: “Xan, bu xəbər doğrudurmu?”
İyunun ilk günlərində hökumət Tiflisdən Gəncəyə gəlib bizim evimizdə ilk Azərbaycan milli hökumətinin qərargahını yaratdı. Bakı o zaman kommunistlərin əlində idi. (Bəzi tarixçilərin bilib-bilmədiyi hadisələri doğru-yalan yazdıqlarına çox əfsus edirəm). Bakı azad olduqdan sonra hökumət Gəncədən Bakıya köçdü. Sözün xülasəsi, Gəncə ilk milli demokratik respublikanın mərkəzi və bizim evimiz ilk Azərbaycan hökumətinin qərargahı olmuşdu.
1920-ci ilin may ayında Gəncədə baş verən üsyanın da canlı şahidiyəm. Gəncə üsyanı haqqında çox az yazılmış və heç kim onun səbəbini açmamışdır. Gəncə üsyanının, təbii ki, çox mühüm səbəbləri vardı, fəqət gəncəlilərin üsyana qalxmasına Zülfüqar təkan Verdi. Zülfüqarla bağlı məsələ çox uzun olduğu üçün məktubda ondan bəhs etməyə imkan yoxdur. Üsyanın son günlərində xalqı qırğından qorumaq üçün üsyanın rəhbəri polkovnik Cahangir bəy Kazımbəyli Gəncəni mühasirəyə alan 11-ci rus ordusunun cənub cəbhəsini yarıb xalqın dağlara çəkilməsinə yardım etdi. Bizim ailə də (nənəm, atam, anam, iki bacım, mən və böyük qardaşım) Gəncəni tərk etdiyi, yolda başımıza çox hadisələr gəldi, nəhayət, Gürcüstanda bizi tutdular. Gəncədən göndərilən komissar bizi geri qaytardı və erməni məhəlləsindəki Çekaya saldı. Bir neçə gün Çekada qaldıqdan sonra (zirzəmidə) rəis anamı, böyük bacımı, böyük qardaşımı yanına çağırtdırıb ölüm hökmünü oxudu. Ertəsi gün bütün ailəmiz güllələnəcəkdi. O gecə yatan olmadı, anam məni qucaqlayıb titrəyə-titrəyə ağlayırdı. Allahın böyük möcüzəsi oldu. Bakıdan xüsusi vaqonla gələn komissar Həmid Sultanov bizi ölümdən qurtardı. Bu, çox uzun bir hekayədir, başqa məktubda yazaram.
Əvvəl bizi evimizin zirzəmisində saxladılar, sonra anamın qardaşı Şahverdi xan Ziyadxanovun evinə köçməyə icazə verdilər. 1921-ci ilin sonlarında İran konsulunun verdiyi saxta pasportla Batumiyə gedib, İtaliyanın “Reno” gəmisi ilə noyabr ayında İstanbula gəldik və atamla görüşdük. Mən 1929-cu ildə İstanbul lisəsini bitirdim. 1930-cu ilin noyabr ayında Varşavaya gedib mühəndislik məktəbinə girdim (Varşava həyatımla bağlı çox maraqlı və uzun xatirələrim var, onları qələmə almaq niyyətindəyəm). Polşa ordusunda bizim iki polkovnik və bir mayorumuz vardı. Polkovniklər Cahangir bəy Kazımbəyli və İsrafil bəy Seyfəli, mayor Vəli bəy Yadigarov. İstanbulda o dövrdə yaşayan mühacirləri çox yaxşı tanıyıram.
Əgər bir tarixçi o dövr haqqında həqiqi və doğru məlumat öyrənmək istəsə, mən məmnuniyyətlə razılıq verərəm. (Yalan və uydurma tarix deyil).
Sağ olun, salamat qalın, Vətəndən heç bir xəbər almıram.
Zahid xan Xoylu
Nyu-York”