
BAKI, 25 fevral. TELEQRAF
Rusiya “Rəşt-Astara” dəmiryolu xəttinin tikintisinin ən yaxın zamanda başlayacağını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Tehranda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə keçirilən birgə mətbuat konfransında danışıb.
O bildirib ki, bunun üçün Rusiya tərəfindən ixrac krediti veriləcək.
“Biz iranlı dostlarımızın “Rəşt-Astara” dəmiryolu xəttinin inşasından əvvəl lazım olan bütün addımları atmalarından məmnunluq duyuruq və tikintinin ən yaxın zamanda başlayacağını gözləyirik. Rəşt-Astara dəmiryolunun tikintisi çox vacib bir addım olacaq, çünki bu, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tam istifadəyə verilməsi üçün zəruri bir hissədir”, - Rusiya XİN rəhbəri vurğulayıb.
Bundan başqa, Lavrov yaxın aylarda Rusiya ilə İran arasında Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi tarixlərinin müəyyənləşdiriləcəyinə ümid etdiklərini qeyd edib.
O əlavə edib ki, İranın Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu alması ilə bağlı çoxşaxəli formatda əlaqələr davam edir.
Nazir, həmçinin həmkarı ilə regional və beynəlxalq məsələləri də müzakirə etdiklərini, Rusiya və İranın bütün böhranların yalnız BMT Nizamnaməsinə və prinsiplərinə əsaslanaraq həll edilməsini dəstəklədiyini diqqətə çatdırıb.