
BAKI, 25 fevral. TELEQRAF
Ukraynanın Poltava şəhərində Rusiya imperatoru I Pyotrun "Poltava döyüşü tarixi" muzeyinin yaxınlığında yerləşən abidəsi sökülüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Rada" televiziya kanalı məlumat yayıb.
Efirdə abidənin dağıdılması ilə bağlı görüntülər təqdim olunub.
Şəhər rəhbərinin müvəqqəti vəzifəsini icra edən Yekaterina Yamsşikova bildirib ki, Poltava döyüşündən iki gün sonra I Pyotrun istirahət etdiyi yerdəki xatirə nişanı da sökülüb. "I Pyotr abidəsindən əlavə, dövlət reyestrindən çıxarılan abidələr siyahısında Poltava qalasının komandiri polkovnik Aleksandr Kelinə aid lövhə də söküləcək," – deyə Yamsşikova vurğulayıb.
Şəhər rəhbərliyinə abidələrin sökülməsi hüququ, Poltavanın 15 mədəni irs obyektinin ölkənin daşınmaz mədəni irs reyestrindən çıxarılması ilə bağlı Ukrayna Mədəniyyət Nazirliyinin qərarından sonra verilib.
Qeyd edək ki, Ukraynada 2022-ci ildən etibarən rus dili və Sovet İttifaqının tarixini əks etdirən hər şeyin açıq şəkildə aradan qaldırılması prosesi güclənib. Bütün Ukraynada Rusiya ilə əlaqəli abidələr sökülür, rus yazıçıları, rəssamları və alimlərinin adlarını daşıyan küçələr dəyişdirilir, ikinci dünya müharibəsində sovet xalqının qələbəsinə töhfələri ilə bağlı istinadlar silinir.