
BAKI, 25 fevral. TELEQRAF
2014-cü ilin mart ayında yoxa çıxan "Malayziya Hava Yolları"na məxsus sərnişin təyyarəsi ilə bağlı axtarış işləri yenidən başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "MalayMail" məlumat yayıb.
Yeni axtarış əməliyyatlarına "Ocean Infinity" şirkətinə aid "Armada 7806" gəmisi cəlb olunub. Prosesin gedişatında okean dibindən xüsusi robotlarla məlumat toplanacağı qeyd edilib. Əgər təyyarənin qalıqları tapılarsa, "Ocean Infinity" şirkətinə təxminən 70 milyon dollar ödəniş edilməsi gözlənilir.
Xatırladaq ki, MH370 reysi ilə uçan təyyarə 11 il əvvəl Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə uçmaq üçün havalanıb.
Həmin vaxt hava gəmisində 227 sərnişin və 12 ekipaj üzvü olub. Uçuşdan 38 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Bəzi radar qeydlərində təyyarənin planlaşdırılmış marşrutdan çıxdığı və Hind Okeanının cənubuna doğru uçduğu bildirilir. Axtarış işləri 2018-ci ilin yanvarında Malayziya hökumətinin "Ocean Infinity" adlı dəniz kəşfiyyat şirkəti ilə anlaşma imzalamasından sonra yenidən başlasa da, sözügedən şirkət təyyarənin qalıqlarını tapa bilmədiyindən, hökumət həmin ilin iyun ayında əməliyyatları dayandırıb.