BAKI, 25 fevral. TELEQRAF

ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask, Ukraynanın Ali Radası tərəfindən Prezident Volodimir Zelenskinin səlahiyyət müddətini uzadan qanunvericilik aktının qəbul edilməsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, Mask bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, sözügedən qərarı şərh edərək, Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı çağırış edib.

Bundan əvvəl Avropa Komissiyası üzvlərinin və Avropa ölkələri nümayəndələrinin də iştirak etdiyi Ali Radada Zelenskinin Ukraynanın yeni prezidenti vəzifəyə gələnə qədər səlahiyyətlərini icra etməyə davam etməsini bildirən “Demokratiyaya dəstək haqqında” qətnamə kifayət qədər səs toplaya bilməyib.

Ali Radanın keçmiş deputatı və “Digər Ukrayna” hərəkatının eksperti Spiridon Kilinkarov qeyd edib ki, səsvermənin uğursuzluğu Zelenskinin Ali Radanın dəstəyini itirdiyini göstərir və o, tezliklə hakimiyyətdən gedəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bir neçə dəfə vurğulayıb ki, Zelenskinin qanuni səlahiyyət müddəti bitib:"Kiyev ilə hüquqi müqavilələr imzalanarkən kimlə işləyəcəyimizi anlamağımız vacibdir:

Rusiya dövlət başçısı vurğulayıb ki, Ukraynanın hazırkı rəhbərliyi leqal deyil, bu isə hüquqi problemlərə yol açır və danışıqların nəticələrini etibarsızlaşdıra bilər.

ABŞ Prezidenti Donald Tramp da 18 fevralda Zelenskinin dəstək reytinqinin 4%-ə düşdüyünü və Ukraynanın sülh danışıqları masasında yer alması üçün seçkilər keçirməsinin lazım olduğunu bildirib. Ağ Ev rəhbəri Zelenskinin seçkilərdən imtina etməsini diktatorluq kimi qiymətləndirib və onun çox aşağı olan reytinqlərini təkrarlayıb.